Ədəbiyyat

“Yaşar məndən sonra adım, soyadım”: Tanrının ilhamlı şairi, istedadlı alimi Xaqani Qayıblının fikir və sənət aləmi

Tarix boyu dünyanın böyük bir qisminə, üç qitəyə hökm etmiş türk insanının gücü yalnız onun silahında, hərb sənətində, döyüşçü ruhunda olmamış, görkəmli avrasiyaçı rus alimi Nikolay Trubetskoyun dediyi kimi türkün daxilində olan və fəth etdiyi xalqlara sevgi, şəfqət, ədalət, rifah, barış gətirən xüsusi daxili fəlsəfi sistemdən qaynaqlanmışdır. Bu daxili fəlsəfi sistem insan qəlbinə sirayət etmiş, tükün daxilində irfani-ekzistensial ikiləşmə, daxili-təhtəlşüur və zahiri varlıqlara parçalanma baş vermişdir. Dahi Yunus İmrənin dediyi kimi, “Məni məndə demən, mən də deyilim, Bir mən vardır məndə, məndən içəri”. Bu fəlsəfi-psixoloji hal insanın özündən və mühitindən təcridlənməsinə, qəriblik duyğusunun baş qaldırmasına səbəb olmuşdur. Sovet dövlətində yüz minlərlə türk-müsəlmanların doğma yurdlarından deportasiyası bu faciəvi duyğunu daha da dərinləşdirmişdir.
Buna görə də türk fəlsəfəsində, folklorunda, ədəbiyyatında ikili rəmzi obraz – qərib obrazı meydana çıxmışdır. Heç bir məqamda yeri olmayan sakral obraz. Bu mövzu milli ədəbiyyatımızda bir çox tarixi, sosial, siyasi amillərlə bağlı daha da aktuallaşmışdır. Mənəvi-fəlsəfi qəribliklə bərabər sosial-siyasi mühacir qəribliyi aktuallaşmışdır. XIX yüzilliyin əvvəllərindən başlayaraq, əsarəti qəbul etməyən türk soylara, ilk növbədə qarapapaq-tərəkəmə elatları yurdlarından hicrət etmişlər. Digər böyük mütəfəkkirimiz Əli Bəy Hüseynzadənin söylədiyi kimi, “Türklər ya ölər, ya hicrət edərlər, fəqət, qul olmazlar”. Bu tarixi proses sonrakı dövrlərdə də davam etmiş, xüsusən sovet dövründə təhsil və əmək miqrasiyası geniş vüsət almışdır. Keçmiş sovet xalqlarında müstəqillik dövründə də bu miqrasiya prosesi etmiş, ancaq bir qismi Avropa ölkələrinə və Türkiyəyə yönəlmişdir.
Belə bir tale yaşayan dəyərli soydaşımız, eloğlumuz Xaqani Qayıblı məskunlaşdığı Estoniyada yüksək səviyyəli mənsəblərə çatsa da, elmi və ədəbi yaradıcılıq uğurlarına çatsa da, şeirlərində, söhbətlərində səsləndirdiyi kimi, özünü qərib hiss edir və bu qəriblik yanğısını kürəkləyən də məhz ana itkisi, ana həsrətidir. Doğma məskənə türklər Ana yurd deyirlər, ata ilə bağlı isə gəlinin güvəndiyi Ata evi anlayışı mövcuddur. Xaqani Qayıblı əslən Azərbaycanın, Borçalının cəngavər mahalı Qaraçöpdən, Azərbaycan, Gürcüstan və qismən də Dağıstan sınırında yerləşən igidlər oylağı Ləmbəli kəndindəndir. Qaraçöp türk dünyasının unikal məskənlərindəndir. Osmanlı, İran ərazisinin türk sülalələri, Çar, sovet dövründə də qaraçöplülər öz comərd, silahlı həyat tərzlərini yaşamışlar, heç bir hökumətə boyun əyməmişlər.
Uşaqlıqda Sarvanda yaşlı adamların söhbətlərinə qulaq asmağı xoşlardım və həmin söhbətlərdən bir iki məqam indiyədək yaddaşımdan silinməyib. Biri Qaraçöplə bağlı idi. Bir dəfə Nayvəli soyundan olan babam Məhəmmədin dostları ilə söhbətində qaraçöplülər haqqında onun həmsöhbətlərindən eşitdim ki, onlar “gəbçəklərdəndir”. Bunun nə olduğunu soruşsam da ətraflı cavab ala bilmədim, yalnız köhnə türklərdəndir dedilər. Xeyli sonra anladım ki, gəbçək deyəndə qıpçaq nəzərdə tuturlarmış. İkinci söz isə, yenə də bir qocanın kimlərdənsə gileylənərək, “məni mançurtda qoymaq istədilər” ifadəsi idi. Bu sözlə xeyli sonra Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanını oxuyanda rastlaşdım və həmin qocanın “mankurt” nədir sualına sualıma verdiyi “təkləmək” sözü yadıma düşdü.
Bu günlərdə 60 illiyini qeyd edəcəyimiz görkəmli alim, şair, tərcüməçi Xaqani Qayıblı ilə bağlı yazımda bu söhbətlərin nə aidiyyəti var deyənlər ola bilər. Aidiyyəti var, məncə, çünki müşahidələrim göstərir ki, Xaqani bəy doğma ata ocağına bağlı vətənpərvər şair, alimdir, varlığı, fəaliyyəti, yaradıcılığı ilə əsl türk ziyalısıdır. Kökü-soyu Azərbaycanın tarixində iz qoymuş Qayıbovlar nəslindəndir. Dahi Lev Tolstoy 1909-cu ildə bu nəslin nümayəndəsi, Cənubi Qafqaz müsəlman ruhani idarəsinin katibi Abbas Ağa Qayibova Tolstoyun əsərinin tərcüməsinə icazə istəməsi ilə bağlı məktubuna cavab yazaraq, ona təşəkkür edib və razılıq verib. Xaqani bəy də orta məktəbi Ləmbəlidə bitirdikdən sonra orta ixtisas məktəbini Qazaxda fərqlənmə diplomu ilə bitirib.
Xaqani Qayıblı keçmiş sovetlərdə gənc alimlərin can atdığı, ancaq çoxuna qismət olmayan bir tarixi uğura da imza atıb, Tartu universitetinə qəbul olub. Gənc yaşlarından bədii istedadı aşkarlanan Xaqani bəy 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Maksim Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda isə Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyanın dünyaca məşhur, strukturalizm və semiotikanın nəinki keçmiş SSRİ-də, beynəlxalq səviyyədə nüfuzlu mərkəzlərindən olan Tartu Universitetinə göndərilib. Eston dilini mənimsəyən Xaqani bəy Tartu Universitetində məhz eston dilində eyni vaxtda filologiya və jurnalistika fakültələrində təhsil alıb.

Xaqani bəyin elmi, ədəbi, tərcümə fəaliyyəti də çoxcəhətlidir. Akademik Ago Künnapın elmi rəhbərliyi ilə “Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” adlı elmi işi ərsəyə gətirib. “Türkcə-estonca, estonca-türkcə turist sözlüyü” (2000), “Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası” (2004), “Estonca-azərbaycanca sözlüyü” (2005) dərc olunub.
Müxtəlif illərdə 40-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin, 5 kitab və 1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq elmi tədbirlərin məruzəçisi və iştirakçısıdır.
Eston dilinə tərcümə etdiyi əsərlərdən “Danabaş kəndinin əhvalatları” (Cəlil Məmmədquluzadə), “Kim dedi ki, Simurğ quşu var imiş!” (Kamal Abdulla), “Mən burdayam İlahi” (Vaqif Səmədoğlu), “Dualar qalıcıdır” (Tuna Kiremitçi), “Halarvadı” (Bəhlul Abdullayev), eləcə də redaktoru olduğu bir çox kitablar, o cümlədən, “Türk Dünyası Yer Adları” (1997), “Nağıllar körpüsü” (Baltik xalqları nağılları, 2005), “Çağdaş Seçkin Azerbaycan Şiiri (20. yüzyıl 90`lı yıllar)” (2014) və s. oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Bədii yaradıcılığında poeziya üstünlük təşkil edir. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. “Sənsiz ömrün bir ili” (1999), “Qırx yaşım qırx sözüm” (2004), “Yenə canım söz gəzir” (2014) adlı kitabları dərc olunub. Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib.
Fəal ictimaiyyətçi və elm təşkilatçısı olan Xaqani Qayıbov 1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisi, 1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti İdarə Heyətinin üzvü; Estoniya Akademik Şərqşünaslar cəmiyyətinin üzvü; Azərbaycan Yazıçılar Birliyinin üzvü; Estoniya Jurnalistlər Akademiyasının üzvü; Estoniya Ana Vətən və Respublikaçılar Birliyi Partiyasının üzvü; Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və sədr müavini; Tartu Universiteti Türk Dili Mərkəzi “Ərgənəkon” yayınları redaksiya heyətinin sədri; “Ulduz” jurnalı redaksiya heyətinin üzvüdür.
2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Estoniya fəxri vətəndaşı adını alan ilk türkdür.
Bütün bu sadalananlar Azərbaycanın tanınmış alimi, ictimai xadimi, tərcüməçi, dilçi, ədəbiyyatşünas, publisist Xaqani Qayıblının ağır zəhmət, fədakarlıq, bilik və bacarıq, zəhmətkeşlik, əqidəsinə sədaqət, fəal ictimaiyyətçilik sayəsində əldə etdiyi və bir neçə ömrə sığar uğurları, nailiyyətidir. Lakin bunlar eloğlumuzun fəaliyyətinin görünən, zahiri tərəfidir, onun yaradıcılığının mühüm hissəsi şairliyi ilə bağlıdır.
Elmi fəaliyyətinin kifayət qədər sanballı və dəyərli olduğunu qeyd edərək, demək istərdim ki, Xaqani Qayıblı geniş kütlə və dostlarının çoxu üçün ilk növbədə incə təbli və ilhamlı şairdir. Açığını deyim ki, onunla şəxsi münasibətim müasir dövrün ayrılmaz atributu, ünsiyyət və hətta fəaliyyət forması, əminəm ki həm də bədii və elmi yaradıcılıq meydanı və vasitəsi olacaq onlayn məkanda virtual dostluq formasında gerçəkləşib. Qeyd edim ki, şəbəkə dostluğu da özlüyündə bir hadisədir. Eləcə də şəbəkə ədəbiyyatı son dövrlərdə sürətlə inkişaf edir (rus şəbəkə ədəbiyyatı haqqında Rusiyada dərc olunmuş yeganə dərsliyimdən artıq Rusiya universitetlərində dərs keçirlər).
Xaqani bəy mənim üçün də dəyərli filoloq və həm də şair kimi dərin maraq kəsb edir. Fikrimcə, onun, Yunis İmrə demişkən, içində olan əsl “mən”i məhz şeirlərində aşkarlanır. Bədii yaradıcılığında içindəki qərib aşiqin, söz aşiqinin, fikir aşiqinin, gözəllik aşiqinin mənəvi siması, duyğuları, yaşantıları ifadə edilir. Şair Xaqaninin şeri dünyası sevgi çevrəsində dövr edir – ana sevgisi, yurd sevgisi, vətən sevgisi, insanlıq sevgisi, aşiqanə sevgi. Onun əsərlərində yurd-vətən anadan ayrılmazdır. Ana – şair üçün həyatın, dünyanın, insanlığın, lirik qəhrəmanın ətrafına dolandığı ülvi məhvərdir, həyatın mənası, şairi bu dünyada saxlayan ali qüvvədir:

Burax məni, gedim, anam,
Bu ömrün anrı üzünə…

Şairin gedəcəyi yollar da fərqlidir, yol var yolçuya tamarzı, yol var yolçudan narazı:

Yol var – addıma tamarzı,
Yol var – çox tünlükdü, oğlum.

Lakin lirik qəhrəmanın gedişi qayıtmaz, dönüşü imkansızdır, çünki bu get-gəl onun daxilindədir, içindədir, varlığını saran substansional qüvvədir. Bu mənəvi axtarış, özünüinkar və yenidən özünütəsdiq yoluna qədəm qoyanın dönüşü olmur, “önündə yollar ayrılan” lirik mən qəribliyini məhz buna görə içində duyur, içində yaşayır: Qürbət oldu, mən oldum, // İçimdə payız sevinir. Qəriblik şairin lirik qəhrəmanının mahiyyətinə və əzablı ayrılığa çevrilir:

Baxma, kürəyim qovrular,
Mən geri dönən deyiləm.

Bu gediş, bu qürbət, bu həsrət şairin duyğularının və onun şeirin mahiyyətindədir, “Dünya duracaq yer deyil, ey can, səfər eylə” deyən sufi şair Nəsimi gerçəklikdən imtina edir, Xaqani Qayıblının lirik qəhrəmanı isə gerçək həyatın sona çatacağı anı duyur və gözləyir:

Və bir gün beləcə çıxıb gedəcəm,
Ürəyin sonuncu qan damlasını –
olub-qopanımı sıxıb gecəm
ağ kağızlara…

Və bir gün bir şeirin son misraları
nöqtələr olacaq… uzun nöqtələr.
Uzana-uzana gedən yolların
son ucu bir qəbir başına gələr,
bir şair şəklinin çərçivəsinə
çəkilər qara!

Bu məqamda ağ rənglə (ağ kağız) qaranın (çəkilər qara) bədii təzadı şeirdəki motivin fəci ovqatını dərinləşdirir, ölüm qaranlığı mətnin pafosunu bədbinləşdirir. Lakin Şair Xaqani Yaqublu bu son anı, ölüm köçünü də maraqlı tərzdə həyat eşqi, yaşamaq ehtirası ilə tarazlayır:

Və bir gün bu torpaq açacaq ağzın,
Sərçə balasıdək yumub gözünü
dən istəyəcək.
Bir qarabuğdayı, qaragöz gözəl
yanıb yaxılacaq bir itik üçün
kimisə dərdinə tən istəyəcək.
Pənah gətirəcək hər cümə günü
tənha məzara.

Ölüm metaforası olan qara torpağın “Sərçə balasıdək yumub gözünü dən istəyən” bir obraza bənzədilməsi poeziyamızda nadir poetik tapıntılardan hesab oluna bilər. Nəhayət, şair öz həyat fəlsəfəsini davam edərək, “nəyim qalacaq!?” sualına cavab axtarır və bu suala sualla da cavab verir:

… Və bir gün, beləcə çıxıb gedəcəm,
Mənim bu dünyada nəyim qalacaq!?
Bir qarabuğdayı, qaragöz gözəl,
bir də son misrası nöqtələr olan
yarımçıq yazılmış şeirdən özgə.

“Son misrası nöqtələr olan yarımçıq şeir” mahiyyət etibarilə Xaqani Qayıblının əsas cavabıdır: həyat sonsuz cavabsız suallardan ibarət mübhəm bir məfhumdur və hər şeyə cavabı olan kəslər əslində bəsit təfəkkür sahibləridir. Həyatın mənası, yaşamın mənası bu cavab axtarışının özündən ibarətdir, cavabı tapmaqdan deyil. Cavabsız suallar şairi söz axtarışına çıxarır və bu, daha ağrılı, daha acılı bir durumdur. Həyatın mənası aşkar olmadığı kimi, uyğun sözlər də ilğıma çevrilir:

Bu gecə ürəyim quş ürəyidir –
bir az yuxularım gözümdən qaçıb,
bir az rəngim-ruhum üzümdən qaçıb…
Qaçıram dalınca bir qatar sözün
Bu gecə vaxtında özümdən qaçıb.

Qaçıram, mən sözə çata bilmirəm,
Söz məndən başını götürüb qaçır.
Qaçıram, torpağa dəymir ayağım…

Həyat, ömür, söz, yol, qürbət, qərib konseptlərinin çulğaşması aydın idrak və məntiqli qavrayışı sarsıdır. Şairin təhtəlşüurundakı ulu qaynaqlardan gələn mifopoetik aləm, qeybdən doğan duyumlar, vahiməli səslər və əsatiri obrazlar canlanır. Dini, mifoloji, epik anlayışlar aktuallaşır:

İçimdə qurd ulayır, gözlərimin dibi boş…
Gözlərimin ağrısı dırnağımın ucunda.
Bu gecə başım üstə bədrlənmiş Ay – sərxoş,
… Bu gecə bir cüt mələk asılacaq saçından.

Təpimiş dodağımın pıçıltısı duyulmaz,
Ulu bir hənirtiylə oxşaram mələkləri.
Mələkləri asan Div yuxusundan ayılmaz…
Mağaranın küncündə şüşə gəzir gözlərim!

Gözlərimin dibi boş… can atıram şüşəyə
Qulağımda Ağatlı bir igidin nərəsi.
Dırnağımın ucundan ağrı ucalır göyə,
İçimdə bir yanğı var – tənha Yalquzaq səsi…
Lakin son məqamda türk ruhunun əzəli xisləti, babalardan qalan amanat anlayışlar önə çıxır, həyatdan, doğuşdan, ölümdən, varlıqdan, heçlikdən daha üstün, milli varlığımızı müəyyənləşdirən məfhumlar, beləliklə, Aşıq Veysəlin səsləndirdiyi “iki qapı arasında” dövran başa çatır, həyat nurunu, bizə amanat verilmiş anlayışların məsuliyyəti dünyanın sarsılmış tarazlığını bərpa edir. Böyük şairimiz İsa İsmayılzadəyə xitabən yazdığı şeirdə dediyi kimi:

Çox şeyi amanata almışam elə,
Babam qeyrətini amanat verib,
Dağlar heyrətini amanat verib…
Babama, dağlara sədaqət üçün
Mən elə bilirdim ömrüm bəs elər.

Umudu amanat saxlaya bilsəm…
Bu fikir daş olub çiynimi əzir.
Mənim ürəyimin etibarı yox,
Mənim bir umudluq ömrüm nə gəzir?!

Mənim bir umudluq ömrüm nə gəzir?!
İndi hər addıma ömür satındır.
… Bəlkə yaşadığım ömür də elə
kimdənsə aldığım amanatımdır!

… Yaşar məndən sonra adım, soyadım
Ağlar bir ürəyi kiridə bilsəm.
Kimdənsə amanat aldığım ömrü
bir umud yolunda əridə bilsəm.

Elimizin-obamızın, Qaraçöpümüzün, Borçalımızın, Azərbaycanımızın, türk dünyasının, ulu Turanın ünlü şairi, alimi Xaqani Qayıblıya uzun ömür, onun bu idrak – ümid yoluna nur arzulayıram…

Prof.Dr.Asif Hacılı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button