Ədəbiyyat

Payız nəfəsli, yaz həvəsli şair

Cavid Qənbəroğlunun lirik dünyasından soraq verən, dərd-möhnət yüklü misralar təkcə qan qaraltır, qan ağladır oxucuya

Mən Cavid müəllimin ilk kitabını – “DÜNYA QƏMLİ NAĞIL İMİŞ” çap etdirəndə əlyazma şeirlər dəftərini evdə gizlicə oxuyurdum. Çünki, özü belə istəmişdi. İnanmırdı ki, özünün də xəbəri olmadan Mətanət xanımın ildönümünə bu kitabı çap etdirəcəm, həm də halalca əməkhaqqımla. Bu, mənim Cavid müəllim üçün mənəvi borcum idi. Axı, o, yalnız mənim deyil, Kəlbəcər ədəbi dünyasının toplanıb nəşr edilməsini bizə tapşırmışdı. Biz də cavid müəllimin maddi-mənəvi dəstəyi ilə həmin kitabları nəşr etdirib oxuculara çatdırmışıq.
Cavid müəllimlə bu mövzuda söhbət edərkən kövrəldiyimiz, duyğulandığımız anlar az olmamışdı. İllər öncə yazmağa başladığı şeir dəftərini mənə etibar edəndə kövrəlmişdim. Oxuyanda isə sanki başımdan duman qalxırdı. Göz yaşlarımı saxla bilmirdim. Şeirləri kamil şair, ustad, qələm adamının qələmindən çıxdığı bir andaca hiss olunurdu:

«Biri varmış, bir yoxmuş»,-
Dünya qəmli nağıl imiş.
Özü yanlış, sözü yanlış,-
Dünya qəmli nağıl imiş.

Gəlişiylə, gedişiylə,
Yalan-yalan gülüşüylə,
Zaman adlı gərdişiylə,-
Dünya qəmli nağıl imiş.

Əzabından usanmazdım,
Ocağına qalanmazdım,
Deyərdilər, inanmazdım,-
Dünya qəmli nağıl imiş.

Xaraba var, şəhəri yox,
Araba var, təkəri yox.
Duzu çatmır, şəkəri yox,-
Dünya qəmli nağıl imiş.

Kitabın adı da, özünün dediyinə görə, çox uğurlu alınmışdı. Tərtibatı isə başqa aləmdir. Kitabın üz qabığındakı illüstrasiya mənim ideyam olub. Təsvirdə Bir ağac şəkli verilib.

Kitabı açıb oxuyanda ağac bütövləşir. Kitabı örtəndə ağac iki yerə bölünür. Ağacın bir yanı qan ağlayan oğlan, digər tərəfi isə, diqqətlə baxan oxucu o dəqiqə görür ki, vaxtsız ağarmış saçlarından “Dünya qəmli nağıl imiş” yağan, qəmli baxışları ilə oğlana gözlərini zilləyən, nakam taleli bir xanımdır. Kitab örtüləndə onlar bir-birindən aralı düşür. Kitab açılanda isə bir ağaca dönürlər: bütövləşirlər. Bunun mənası da belədir ki, kitabı oxuyanda oxucu bilir ki, bu ağacın bir yanı Cavid, digər budağı isə dünyadan vaxtsız köçən ömürr-gün dostu Mətanət xanımdır.

Cavid Qənbəroğlunun poeziyasının bünövrəsi var: Dədə Şəmşir ünvanlı ədəbi irsdir bu mənbəə.

Səni hər an axtarıram,
Xatirədi indi ömrün.
Tez açılıb, vaxtsız solan
Bənövşəyə döndü ömrün.

Məni dərdə salan oldun,
Məni məndən alan oldun,
Dünya kimi yalan oldun,
Şam tək yandı, söndü ömrün.

Şərh etməyə ehtiyac varmı? Yox! Bilmirəm şairlər necə rəhbər vəzifələrdə çalışırlar. Cavid Qənbəroğlu isə bunu elə bacarıb ki, sanki o, məmur deyil, sıradan bir qələm, könül adamıdır.

Nə vaxtdı dünyadan köçmüsən, gülüm,
Mətanət gülünün adı qalıbdı.
Canımda dərdlərin ağır bir dağı,
Könlümdə həsrətin odu qalıbdı.

Doymur ölümlərdən gözü dünyanın,
Yandırır qəlbimi közü dünyanın,
Yoxsan, ucuzlaşıb özü dünyanın,
Doğması yox olub, yadı qalıbdı.

Könlümün havası çalınmaz daha,
Sənsiz bu dünyanı dolanmaz daha,
Sönüb ocağımız, qalanmaz daha,
Susub kaman, tarı, udu qalıbdı.

Vaxtsız solan “mətanət gülü onun ömrünün bütün fəsillərini zimistana döndərdi. Hər yerdə, xeyirdə-şərdə bir özgə Cavid olurdu-hər kəsin dərd-sərinə yanan, sanki dərd-qəmsiz bir el oğlu. Elə ki, özü ilə baş-başa qalır, onda xəyalı durna qatarına dönüb, ötən illərin ayrılığında-ayrıcında qanad salır.

“DÜNYA BİZİM ÜÇÜN İTİRİB DADIN”,-deyir şairimiz.

Bilmirəm, neyləyim bu ayrılığa,
Nə işlə başımı qatım, bilmirəm.
Sənsiz bir boşluq var mənə həyatda,
Hansı rahatlıqla yatım, bilmirəm.

Sənsiz içimizdə bir can yanğısı,
Şəmşirin bir dəfə dodağı qaçmır.
Nigarın qəlbində Ana yanğısı,
Bir kimsə söz tapıb, ovuda bilmir.

Mənzilin də yaxın, özün də yaxın,
Gəlirik, görüşə bilmirik, gülüm!
Dünya bizim üçün itirib dadın,
Tamını dəyişə bilmirik, gülüm.
Cavid müəllimin Mətanətinə həsr elədiyi “ayrılıq simfoniyalı” şeirləri daşürəkliləri belə sızıldada bilir. Bax. Poeziyanın gücü də bundadır:

Sənə bənzər kimsə varmı,
Bir də məni soraqlaya?!
O gülərgöz dil açarmı,
Təzdən mənə gün ağlaya?!

Pürkamallı ağıl oldun,
Şirin-şəkər noğul oldun.
Ayrılıq nə ağır imiş,
Nə ağrılı nağıl oldun?!

Yuxu yatsam, yuxumda sən,
Dünya adlı qoxumda sən.
Kimi tapım əlac olsun,
Varım da sən, yoxum da sən.

Səndən qalan xatirələr,
Gecə-gündüz məni didər.
Sənsiz keçən ömür heç nə,
Sənsiz keçən ömür hədər.

Daha bir hicran libaslı, ayrılıq ağrılı misralarından hördüyü və məzar üstünə “əklil”liyə layiq şeirinə baxaq şairin:
İstərəm qayıdıb gələsən, gülüm,
Saçına gül-çiçək taxam, Mətanət!
Sənin tək dünyanı hardan qaytarım,
Qalıb dərd əlində yaxam, Mətanət!

Aman olub getdin, ah olub getdin,
Hansı ulduzlara qoşulub getdin?!
Məhəbbət dünyamı uçurub getdin,
Nə qaldı təzədən baxam, Mətanət?!

Qollarım qoynumda, qəlb evim boşdu,
Rəvan yol açmışdım, yollarım daşdı,
Dərdim dərdlərinlə bağrıbadaşdı,
Elə bil yox olub arxam, Mətanət.

Yox! Yox! Yox! Yaza bilmirəm bu şairin poeziyasından. Onun xalqımız tərəfindən sevilən mahnılarını dinlədikcə keçirilən hissləri də qələmə almaq mümkünsüzdür.
Cavid müəllimə Allahdan səbir, Mətanət xanım Mürşüd qızına isə rəhmət diləyirəm.

Xatırladım ki, Cavid müəllimin sayca 4-cü –“Payız fəsilliyəm-yaz həvəsliyəm” kitabı da çapa hazırdır. Tezliklə sevimli oxucular bu kitabdakı bir-birindən dəyərli, müxtəlif janrlı şeirlərlə də tanış olacaqlar. Şairimizi Allah qorusun! Onun xeyirxahlığı ilə bağlı isə silsilə məqalələr yazaraq, “YENLİK-PRESS” qəzetində dərc eləmişəm.

Məhəmməd Nərimanoğlu

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button