Ədəbiyyat

AYB sədri Anara AÇIQ MƏKTUB

Hörmətli Anar müəllim, sizin Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında namizədliyinizi verəcəyinizə qəti şübhəm yoxdur. Həm də namizəd olacağınız halda yenidən sədrlik postuna iddia edəcəyinizə də şübhə etmirəm. Ancaq hansı haqla? Və ya bəs etmədimi? Məsələ tək hüquqi haqda deyil ki…Siz də gözəl bilirsiniz ki, mənəvi haqq deyilən bir məfhum da var. Məhz bu gün bu addımı atmağa sizin daha həmin mənəvi haqqınız çatmır. Bilirsinizmi, niyə? 35 illik sədrlik dönəminizdə demokratik fikir, gənc kadr, düzgün idarəçilik prinsipi, islahat…anlayışlarını tanımaq istəmədiniz. Siz olan yerdə qanun da özünüz oldunuz, şah da! Neçə gənc nəsillə üz-üzə gəldiniz. Kimlər gəncliyindən, gələcəyindən keçmədi ki…Xarakteri sizin “dəyirmanınızda” üyüdülənlər də az olmadı, taleyindən küsüb gedənlər də!

Mənsub olduğunuz qurumu necə istədinizsə eləcə də idarə etdiniz. Necə deyərlər, gəmiyə də sahib oldunuz, dənizə də!

Bu böyük zaman kəsiyində heç keçmişin dəyərləndirmələrini də örnək kimi qəbul etmədiniz. Məsələn, Yazıçılar Birliyində atanız Rəsul Rzaya 29 yaşında, sizə 31 yaşınızda göstərilən etimadı siz bu illər ərzində bir kimsəyə göstərə bildinizmi? Əlbəttə ki, yox! (Yəqin ki, unutmamısınız. Rəsul Rza 29 yaşında AYB-nin sədri, siz isə 31 yaşınızda Yazıçılar Birliyinin orqanı olan “Qobustan” jurnalının baş redaktoru olmusunuz.). Hansını sayım, axı…

Digər tərəfdən, bu qədər illər bəs etmədimi? Vəzifə hərisliyi, kürsü doğmalığı budurmu, Anar müəllim? Yox, bu deyilsə ömrünüzün bu çağında 35 illik bir vəzifədən getməməyin adı nədir? Yoxsa, unudulmaq qorxusudu, şöhrət hissidi? Əgər bunlardırsa qətiyyən narahat olmayın, sizi xatırladacaq kifayət qədər əsərləriniz, bu əsərlərin fonunda ANAR imzası var. Ya həqiqətənmi düşünürsünüz ki, əvəzolunmazsınız? Həqiqətənmi düşünürsünüz ki, siz getsəniz Yazıçılar Birliyi məhv olar və ya onu sizdən başqa heç kim idarə edə bilməz? Bu suallara cavabınız varsa buyurun.

Adam heyrətə gəlir. 35 ildən sonra sizi nə vadar edə bilər ki, yenidən vəzifə istəyində, arzusunda olasınız, Anar müəllim?
Heç olmasa, bircə dəfə də olsun dönüb ətrafa baxıb ətrafın bu məsələlərlə bağlı nə düşündüyü haqqında maraqlandınızmı? Təbii ki, mən ətraf deyərkən Elçin Hüseynbəyliləri, Rəşad Məcidləri, Azər Turanları…və bu kimi mövqeyi “güllələnmişlər”i yox, necə deyərlər, illərin dəyirmanından “diri” çıxanları, çıxmaq “gücü”ndə olanları nəzərdə tuturam.

Hörmətli Anar müəllim, sizin ömrünüzün bu gün mübarizə, mücadilə dönəmi yox, müzakirə, istinad dönəmidir. Hər nə varsa öz vaxtında daha ucadı, daha gözəldi. İnanıram ki, siz də gələcəyi sevirsiniz… Amma unutmayın! Gələcəyi sevmək gələcəyin qarşısında dayanmaq, gələcəklə döyüşmək anlamına gəlmir.
Görüşmək ümidilə…

Sayğılarla,
Emil Rasimoğlu
Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına namizəd

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 2 Ortalama: 3]

Back to top button