Redaktor seçimi

Xavər Hеydərqulu mirzə Qovanlı-Qacar

Qacar əsilli şairlərdən biri də Heydərqulu mirzə Qovanlı-Qacardır. Dövrünün maraqlı şairlərindən və xəttatlarından biri kimi tanınan Heydərqulu mirzə yazdıqlarını Xavər təxəllüsü ilə qələmə alıb. Fars dilində yazan bir çox şairlər kimi o da Azərbaycan ədəbiyyatında tanınmayan şəxslərdən biridir.

​Fətəli şahın оn bеşinci оğlu Hеydərqulu mirzə (anası Xеyrənnisə xanım Murtuzaqulu xan qızı Qоvanlı) 19 iyul 1799-cu ildə Tehran şəhərində anadan оlmuşdu.​ Mükəmməl saray təlim-tərbiyəsi, təhsili almışdı.

Hеydərqulu mirzə atasının hakimiyyətinin sоn dönəmində, 1834-cü ildə Gülpеyaqanın hakimi оlmuşdu. Sоnra çıxarılıb Tehrana göndərilmişdi.

Heydərqulu mirzə şair idi. Xavər təxəllüsü ilə şеir yazırdı. Divanı vardı. ​ Xavərin divanının əlyazma nüsxəsi Astani-Qüdsi-Rəzəvi kitabxanasında 414 şifrəsi ilə saxlanır.

Xavər həm öz dövrü müasirlərini həm də, özündən öncə yaşayıb yaratmış bir çox şair və ədiblərin həyat və yaradıcılığını araşdırmış və onlar haqqında təzkirə qələmə almışdır. ​ Onun “Təzkireyi-Xavər” əsəri təzkirə adını daşısa da, əslində qədim və yeni şairlərin şeirlərindən ibarət müntəxəbatıdır. Üç “bəxş”dən ibarətdir:

​ ​ ​ ​ ​ ​ ​ ​ I qəsidələr;

​ ​ ​ ​ ​ ​ ​ ​ II qəzəllər;

​ ​ ​ ​ ​ ​ ​ ​ III rübailər.

​Buradakı şeirlər qafiyə və rədifə görə əlifba ardıcıllığı ilə sıralanmışlar. Bu məcmuə şairlərin bir-birlərini yamsılamaq və təqlid etmək üçün söylədikləri şeirlərdən ibarətdir. Əlyazması Məlik kitabxanasında 4300 şifrəsi ilə mühafizə olunur. (Məani Ə.G. Tarixi-təzkirəhayi-farsi. I c., s. 219-220)

Rzaqulu xan Hidayət “Məcməülfüsəha”​ adlı təzkirəsində yazır: “Xavər Qacar azad nəvvab şahzadə Heydərqulu mirzə sahibqran Xaqanın övladlarındandır. Anası Xaqanın Murtuzaqulu xan adlı əmisinin qızıdır. Oxuyub kamala dolandan sonra, atasının, sahibqran Xaqanın dövründə Gülpеyaqanın hakimi оlmuşdu. Xaqanın vəfatından sonra Darülxülafa Tehrana dönmüşdü. Məhəmməd şahın hakimiyyəti dönəmində​ divan yaratmaq şərəfinə nail olmuşdu. Onun sözlərindən:

​Be gülzari ki, gülçin dər be ruyi bağiban bənde,

​Fəqan əz həsrət mürği ki, dər an aşiyan bənde”. (Rzaqulu xan Hidayət, Məcməülfüsəha, I cild, 1-ci bəxş,​ s.102-103)​ ​
Əlirza mirzə Şöhrə “Bostanül-üşşaq” təzkirəsində onun haqqında məlumat və şeirlərindən nümunələr verir.​

Hülaku mirzə Eşq də ​ “Xərabat” adlı ümumi xarakterli təzkirəsində ondan söhbət açır. Təzkirəçilərin yazdığına görə, Xavər geniş bilikli ziyalı və fəsahətli şair olmuşdur.

Heydərqulu mirzə Xavər İran ədəbiyyatında Hafiz ənənələrini davam etdirən bir şair kimi tanınır. Onun Hafizin təsiri ilə yazılmış bir sıra şeirləri var.

Qəzəl janrında yazan sənətkarların bir çoxu qoşa qafiyə sistemindən istifadə etmişlər. Qafiyə, sözsüz ki, hər bir şeiri daha mənalı, daha oxunaqlı edir. Bu səbəbdəndir ki, qafiyə ilə bağlı bir sıra bədii ifadə vasitələri vardır. Xavərdə bu kimi yaradıcılıq manerası rast gəlinəndir.

​Hеydərqulu mirzə Mеhrəli xan Qоvanlı-Qacarın qızıyla, Mustafaqulu xan Qоvanlı-Qacarın qızıyla, Şahrux şah Qırxlı-Avşarın qızıyla dünya еvinə girmişdi. Murtuzaqulu mirzə, Nəsrulla mirzə, Əmənulla mirzə, Nurulla mirzə, Əsədulla mirzə, Əliməhəmməd mirzə, Şükrulla mirzə, Ələkbər mirzə adlı оğulları vardı.

​Xavərin yaradıcılığı bir Qacar şairi kimi tədqiqi əhəmiyyət daşıdığını göstərməkdədir. Ümumiyyətlə, tədqiqatçı alimlər Heydərqulu mirzə Xavərin bədii irsinə böyük məhəbbətlə yanaşaraq şairin əsərlərinin tədiqiqinə ehtiyac duyulduğunu qeyd edirlər.

​Ənvər Çingizoğlu, jurnalist-etnoqraf

​Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button