Araşdırma

Facebook blok və nöqtə-vergülün “faydaları”

Bugünki mövzumuz bir çox sosial şəbəkə istifadəçisi arasında blok zamanı mübahisə mövzusuna çevrilən, bəzilərinin inandığı, bəzilərinin isə faydasız saydığı “Nöqtə-Vergül”-ün facebook bloku-na təsiridir.

Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox insanın sosial şəbəkə hesabı etdiyi fəaliyyətdən asılı olaraq şikayətlərə məruz qalır. Facebook və ya digər sosial şəbəkələr istifadə qaydalarında qeyd etdikləri şərtlərə uyğun olaraq bu şikayətlərə görə müəyyən bloklamalar edirlər. Bu bloklamaları isə insanlar öz kəşf etdikləri bir üsulla, nöqtə vergül fərq etmədən rəy yazdıraraq keçə bildiklərinə inanırlar. Gəlin bunun mümkün olub-olmaması barədə biraz danışaq. Nöqtə-vergül istəklərinin ən çox olduğu platforma Facebook olduğu üçün onun üzərindən nümunə ilə gedək.

Facebook bloku niyə baş verir?

Mən də daxil olmaqla bir çoxumuz hər hansı veb saytda qeydiyyatdan keçərkən istifadə qaydalarını oxumadan klik edib qəbul etdiyimizi bildiririk. Bəs istifadə qaydaları bu dərəcə önəmsiz bir bölmədir? Bizim üzünü belə açmadığımız bu istifadə qaydaları hansı işə yarayır? Facebook və digər istənilən veb sayt tərəfindən təqdim olunan istifadə qaydaları sizin qeydiyyatdan keçdikdən sonrakı fəaliyyətinizi tənzimləmək üçündür. Məhz bu istifadə qaydalarında Facebook hansı şərtlər daxilində sizin hesaba hansı bloklamaların ediləcəyini qeyd edir.

Biz bu istifadə qaydalarını oxumadan qəbul etdikdə sanki konstitusiyasını bilmədiyimiz bir ölkəyə köç edir və orada başımıza nələr gələcəyini şansa buraxırıq. Hesabımızın gözlənilmədən blok olmasına səbəb də bu qaydaları bilmədən hərəkət etməyimizdir.

Facebook nəyi blok edir?

Bu bizim fəaliyyətimizdən asılı olaraq dəyişə bilir. Tam hesab blokundan əlavə xüsusi bir fəaliyyətin bloklanması da mümkündür və bu daha sıx baş verir. Xüsusi fəaliyyət dedikdə hesabımızın hansı qanuna qarşı gəldiyindən asılı olaraq, mesaj göndərmə, rəy yazma, dostluq göndərmə, paylaşım etmə kimi hissəli bloklar ilə qarşılaşa bilərik.

Nöqtə-vergül bloka təsir edir?

Təəssüf ki, xeyr. Hazırda Facebook və digər böyük veb saytların hər biri düşünə biləcəyimizdən daha güclü süni intellekt ilə fəaliyyət göstərir. Hər hansı bir səbəbdən blok olmuş hesabınıza sadəcə rəy yazdıraraq bu bloku ləğv etməyiniz mümkün deyil. Bu sadəcə insanlar arasında yayılmış real olmayan bir inancdır. Bloklar müxtəlif zaman aralıqlarında (bir neçə saatdan bir neçə günə qədər) ola bilir. Kiçik bloklar hətta 1 saatlıq müddəti əhatə edir və biz nöqtə-vergül istədiyimiz zamanda blokun müddəti bitir. Biz isə bunu elə görürük ki, sanki nöqtə-vergülün köməkliyi ilə blok yekunlaşdı. Bu yolla bloka fayda etmədiyimiz kimi, bəzən insanların təzyiqinə məruz qala bilirik. Reallıq budur ki, nöqtə-vergül istəmək vaxt itkisindən başqa bir şey deyil.

Bəs Facebook bloku necə ləğv edilə bilər?

Əgər həqiqətən blok səbəbinizin səhvlik olduğuna inanırsınızsa bunun üçün Facebook kontakt formları mövcuddur. Buradan öz şikayətinizi yazaraq bu hərəkətin bir səhvlik nəticəsində baş verdiyini açıqlaya bilərsiniz. Bu prosesdən maksimum bir neçə saat ərzində (bəzən daha tez) Facebook moderatorları tərəfindən cavab mesajı alacaqsınız. Bunun üçün ekranda əməliyyatın uğursuz olduğuna dair bildiriş çıxdıqda kontakt linkinə klik edib bildirə bilərsiniz.

Bağlanmış Facebook profilimi necə qaytara bilərəm?

Hesab üzərindəki qayda pozuntusu böyük olduqda, hətta profiliniz bağlana bilər. Bu zaman yenə də təmkinli olmalı və Facebook tərəfindən təqdim olunmuş kontakt linkinə daxil olaraq məlumatları doldurub göndərməliyik. Burada bizdən tələb olunan hesabda aktiv olan e-poçt ünvanı, şəxsiyyət vəsiqəsində yazılan ad soyad və şəxsiyyət vəsiqəsinin şəklidir. Formu doldurub məlumatları göndərdikdən sonra 1 gün müddətə e-poçt ünvanınıza bildiriş gələcəkdir.

Facebook hesabı geri qaytarma
https://m.facebook.com/help/contact/260749603972907?show_form=disabled&_rdr
Nəticə

Nəticə olaraq deyə bilərəm ki, hər hansı mövzuda araşdırma aparmadan qonşu edir deyə etmək düzgün deyil. Nöqtə-vergül mövzusunu ölkədə ilk dəfə yayan kimdir bilinmir, ancaq səhv üsul olmağına baxmayaraq hələ də əhatəsi genişlənir. Gəlin şüurlu istifadəçi kimi belə üsullarla nə özümüzün, nə də başqasının vaxtını almayaq. Sizə az bloklu istifadə arzulayıram!

Nail Seyidov

Mənbə

Ana səhifə

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button