Mədəniyyət

“Aktyorlar… rollar…”- Məhəmməd Nərimanoğlu yazır

Obrazlarda yaşamaq şərəfi hər kəsə nəsib olmur…

Səhnəni həyatı qədər sevən, Lənkəran Dövlət Dram Teatrının sevilən aktyorlarından biri Miraslan Ağayevin düşüncələri realizmdir

“Həyat və səhnə… Biri o birisini yaratmasa da, tamamlayır. Səhnəyə gətirilən həyat hadisələri o zaman həqiqət kimi qəbul edilir ki, aktyor obrazı özününküləşdirsin, eyni zamanda özgələşməyi də bacarsın. “Yaşama və göstərmə məktəbi”ni kamil bilənlər bu həqiqəti unutmurlar. Ona görə də obrazlarında yaşamaq haqqını qazanırlar…”

Bu fikirlərin müəllifi, Lənkəran Dövlət Dram Teatrının dəyərli aktyorlarından biri, ömür-gününü səhnə sənətinə həsr edən Miraslan Ağayev deyir on da deyir ki, Azərbaycan milli teatrının tarixində sənətə vurğun olan, həyatını səhnədən kənarda təsəvvür edə bilməyən sənətkarlar ölməzlik qazanırlar: “…Klassiklərimizin həyat hekayətlərindən məlum olur ki, onlarn əksəriyyəti sanki səhnə üçün doğulublar. Müqayisə edilməyəcək dərəcədə bir-birindən güclü sənətkarlarımızın sənət aşiqliyinin bəhrəsidir ki, Azərbaycan teatrı yarandığı gündən məşəqqətli yol keçsə də, onun yaradıcıları heç vaxt nə yorulmayıblar, nə də unudulmayıblar…”

Akademik səviyyəyə yüksələnədək səhnə sənətinin inkişaf yolunda can qoyanların arasında bölgə teatrlarında çalışanlar da az olmayıb. Əslində, belə demək mümkünsə, xalqımızın sevimli sənətkarları səviyyəsinə qalxanların bir çoxu elə bölgələrdə dünyaya göz açıb, orada ilk addımlarını həvəskar aktyor kimi dram dərnəklərindən atıblar. Bölgələrdə fəaliyyət göstərməklə, xalqın, sadə əmək adamlarının asudə vaxtının səmərəli təşkil edilməsində xüsusi xidmət göstərən teatrlarda əməkdar və xalq artisti fəxri adlarını daşıyan sənətkarlarımız da kifayət qədərdir, lakin elələri də var ki, onlar bu haqq uğrunda can-dildən çalışmaqdan yorulmurlar…
Lənkəran Dövlət Dram Teatrının da tarixində belə sənət fədailəri barmaqla sayılmayıb. Onlardan birinin həyat və sənət yoluna qısa baxışla fikrimizi əsaslandıra bilərik.

Miraslan Əzizəli oğlu Ağayev 18 mart 1958-ci ildə Lerik rayonunun Tikəband kəndində anadan olub. 1975-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirib. İlk əmək fəaliyyətinə də Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti kimi başlayıb. Fitri istedadı və bu sahəyə marağı onu səhnəyə çıxarıb: teatrda hazırlanan tamaşalarda epizodik rollarda istedadını sınayıblar. Hərbi xidmətini başa vurduqdan sonra Miraslan yenidən doğma kollektivə qayıdıb və yardımçı aktyor ştatında işə qəbul olunub.

1987-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alan Miraslan Ağayev 1975-ci ildən bugünədək Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor kimi çalışır. Bu illər ərzində 100-dən artıq rollar oynayan sənət fədaisi deyir ki, onun ifa etdiyi C.Cabbarlının “Sevil”ində Əbdüləli bəy, C.Məmmədquluzadənin “Ölülər”ində Hacı Baxşəli, M.F.Axundzadənin “Molla İbrahim Xəlil”ində Molla Həmid, V.Səmədoğlunun “Uca dağ başında” əsərində Murtuz, Ş.Qurbanovun “Özümüz bilərik” pyesində Bəbirli, V.Vişnevskinin “Nikbin faciyə”sində Anarxislərin başçısı, B.Rzayevin “Qəhrəmanlıq xronikası”nda S.B.Mehmandarov, Şillerin “Qaçaqlar”ında Şveytser, B.Beyzayinin “İlan Sultan”ında Vəzir, J.B.Molyerin “Jorj Danden”ində Jorj Danden kimi yaratdığı obrazlar onun rəngarəng yaradıcılıq dəst-xəttinin parlaq nümunələrindəndir.

Miraslan Ağayevin oynadığı səhnə əsərlərindən C.Məmmədquluzadənin ”Ölülər” və Ü.Hacıbəylinin “ Olanlardan-keçənlərdən” tamaşaları Azərbaycan Dövlət Televiziyasının “Qızıl Fondu”nda saxlanılır. O, həmçinin bir rejissor kimi “Təbii Tibbi Klinika” tamaşasına qurluş verib.

Miraslan Ağayev bir çox səhnə sənəti yaradıcılarının yolunu uğurla davam etdirir, həm də yalnız oynadığı yaddaqalan rollarla yox. O, həm də qələmə aldığı “Yaxşılığa yaxşılıq”, “Altı yaşlı körpə”, “ TTK” kimi səhnə əsərlərinin müəllifidir.
Televiziya filmlərinə çəkilən Miraslan Ağayev “Susmuş vicdan”da Deputat, “Durnalar qayıdır”da Əsgər və Məhbus, “Sevginin ğöz yaşları”nda Ata, “Günəşim ol”da Qafur, “Xalxın evi”də Şərəf kimi yaddaqalan obrazlar yaradıb.

Peşəsinin bilicisi və fədaisi olan, buna görə də tamaşaçıların sevgisini qazanan aktyorun daha bir neçə qabiliyyəti də var. Məsələn, lirik şeirlər yazan həvəskar şair rəssamlığı da bacarır. Bu da onun göstəricisidir ki, istedad və qabiliyyət onun genetik sərvətidir.

Miraslan Ağayev Lənkəranın ictimai və mədəni həyatında da fəal iştirak edir. O, dövlət əhəmiyyətli tədbirlərdə göstərilən teatrlaşdırılmış tamaşalarda, ədəbi-bədii kompozisiyalarda da uğurla çıxış edir, izləyicilərin dərin rəğbətini qazanmağa müvəffəq olur. Məhz ictimaiyyətçi olduğu və fəallığı nəzərə alınan Miraslan Ağayevə Teatr Həmkarlar Təşkilatı İdarə Heyətinin sədri kimi məsul vəzifə də həvalə edilib. Yüksək yaradıcılıq zövqü ilə çalışan aktyorun əməyi Mədəniyyət Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyəti və teatrın rəhbərliyi tərəfindən təşəkkürnamə, fəxri fərmanlarla qiymətləndirilib.

1984-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Miraslan Ağayev ömrünün elə çağını yaşayır ki, artıq onun yetirmələri sənətkarın sənət yolunu örnək bilirlər. Qədirbilən xalqımızın milli-mədəni sərvətlərindən olan teatra sevgisi yəqin ki, aktyorun tezliklə alacağı fəxri adla da dəyərləndiriləcək. Axı, mədəniyyət və incəsənətimizin keşikçilərinin bu haqqı bütün dövrlərdə özlərinə qaytarılıb…

“Obrazlarda yaşamaq şərəfi hər kəsə nəsib olmur”. Bu fikirlərin müəllifi, səhnəni həyatı qədər sevən və ona bağlanan – Lənkəran Dövlət Dram Teatrının peşəkar aktyoru Miraslan Ağayev oynadığı rollar klassizmi, düşüncələri isə realizmi ifadə edir…

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button