MədəniyyətRedaktor seçimi

Firəngiz Əlizadənin yubiley günləri

Azərbaycan musiqisini müasir dövrdə dünya səviyyəsində təbliğ edən və bununla doğma Azərbaycanımızın adını dünya ölkələrində tanıdan görkəmli bəstəkarımız Firəngiz Əlizadə geniş yaradıcılıq irsi ilə daim məşhur musiqiçilərin diqqətini cəlb edib. Firəngiz Əlizadənin əsərləri həm Vətənində, həm də onun hüdudlarından kənarda tanınaraq müasir Azərbaycan musiqinin inikasına çevrilmişdir.

Özünəməxsus fərdi üsluba və dəst-xəttə malik olan Firəngiz Əlizadənin musiqisi xalq yaradıcılığına, muğama müasir musiqinin xüsusiyyətləri baxımından yanaşması ilə fərqlənir. Firəngiz Əlizadənin yaradıcılığının zirvəsində gedən yolu müasir musiqinin imkanları çərçivəsində milli musiqimizin elementlərinə, folklora əsaslanmışdır.

Muğamlardan gələn dramaturji inkişaf bəstəkarın əsərlərinin əsas özəyini təşkil edir. Cəsarətlə deyə bilərik ki, Firəngiz Əlizadə müsəlman dünyasının müasir musiqi sahəsində böyük nailiyyətlər qazanan yeganə nümayəndəsidir.
Dünya şöhrətli bəstəkar, görkəmli musiqi-ictimai xadim, respublikanın Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, “Şöhrət” və “Şərəf” ordenli, “Ağa Khan Music Awards-2019” mükafatı laureatı, professor Firəngiz Əlizadənin bu yüksək adlarına daha bir mükafat da əlavə olundu. Yubiley çərçivəsində o, “Dədə Qorqud” Cəmiyyəti tərəfindən “Mehriban ana” ordeni ilə təltif edildi.

Bu baxımdan bəstəkarın yubileyi ilə əlaqədar olaraq, mayın 31-dən etibarən Firəngiz Əlizadənin musiqisini əks etdirən festival başlayıb. Festivalın əsas məqsədi görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığının yubiley çərçivəsində bir daha musiqisevərlərə təqdim olunması məqsədi daşıyır.
Festival mayın 31-də Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş elmi konfransla başladı. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən elmi konfransda Firəngiz xanımın yaradıcılığını əks etdirən maraqlı tədqiqat işləri, araşdırmalar çıxışlarda öz əksini tapdı.

Konfransı giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova açaraq, Firəngiz Əlizadənin zəngin yaradıcılıq fəaliyyətindən, bəstəkarın Şərq və Qərb, millilik və müasirlik, ənənə və novatorluğun orijinal şəkildə sintez edilməsinə əsaslanan üslub xüsusiyyətlərindən bəhs etdi.
Daha sonra Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva “Firəngiz Əlizadənin Azərbaycan incəsənətinə gətirdiyi yeniliklər”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva “Firəngiz Əlizadənin musiqi üslubunun bəzi xüsusiyyətləri”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Firəngiz Əlizadənin yaradıcılığında Türkiyə səhifələri”, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva “Firəngiz Əlizadənin musiqisinin fəlsəfi dünyası”, sənətşünaslıq elmləri doktoru, professor Aytac Rəhimova “Ü.Hacıbəyli, Q.Qarayev, F.Əlizadə (ənənə və varislik)”, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin müəllimi Raya Abbasova “Firəngiz Əlizadənin musiqisi dünya musiqi incəsənətinin tərkib hissəsi kimi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli “Firəngiz Əlizadənin “NİZAMİ Cosmoloji” əsərinin dramaturji konsepsiyası”, Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə “Firəngiz Əlizadənin fortepiano musiqisi” mövzularında çıxış edərək, bəstəkarın Azərbaycan milli musiqisi ilə müasir Qərb meyllərinin sintezindən yaranan əsərlərinin xüsusiyyətlərini, milli musiqi alətlərinin səsləniş tərzinin Avropa alətlərində yaratmasını vurğuladılar.

Tədbirdə iştirak edən görkəmli bəstəkar, qocaman sənətkarımız, Xalq artisi, professor Tofiq Bakıxanov və bəstəkar Rəna Qədimova Firəngiz Əlizadəni təbrik edərək, səmimi urək sözlərini bildirdilər və ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Sonda Firəngiz Əlizadə çıxış edərək, yaradıcılığına və fəaliyyətinə göstərilən yüksək ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi və daim müəllifi olduğu əsərlərin Azərbaycan bəstəkarlıq məktəbinin dünya səviyyəsində təbliğinə istiqamətlənəcəyini vurğuladı .

Daim yaradıcılıq axtarışında olan Firəngiz Əlizadə bu gün də ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona şərəflə xidmət edir. İnanırıq ki, onun əsərlərinin sədası bundan sonra da dünyanın ən məşhur konsert salonlarından gələcək. Belə sənətkarın hər bir uğuru Azərbaycan musiqisinin geniş miqyasda nüfuzunun artması kimi çox mühüm bir işə xidmət edir.

Təbii ki, təqdim olunan bütün çıxışlar onu göstərir ki, Firəngiz Əlizadənin yaradıcılığı musiqişünaslar üçün əsl tədqiqat mənbəyidir. Onu da qeyd edək ki, bəstəkarın yaradıcılığına dair bir sıra elmi-tədqiqat işləri yazılmış, eləcə də onun əsərləri dissertasiya səviyyəsində araşdırılmışdır. Əminik ki, bu elmi konfrans bir daha onu sübut edir ki, doğrudan da Firəngiz xanımın yaradıcılığı yalnız ifaçılarımız üçün deyil, musiqi elmimiz üçün də dəyərli bir mənbədir.

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan musiqili festival öz işlərini davam etdirir və qarşıdakı günlərdə də bəstəkarın əsərlərindən ibarət maraqlı konsert proqramı, ona həsr olunan kitablar və əsərlərini əks etdirən audio və video disklərdən ibarət sərgi və digər bu kimi tədbirlər ilə Firəngiz Əlizadənin yubiley tədbirləri davam edir.

Aytən Babayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button