Redaktor seçimi

Aşıq -sazbənd Kövrək Murada ad günü gözaydınlığı-KNYAZ ASLAN

Kövrək Murad… Aşıq… Sazbənd… Aşiq… Sözbənd…

El sənətkarı… Xalqın sevimlisi… Azərbaycan Aşıqlar Birliyinin üzvü…

Dünyamıza göz açdığı gündü 7 iyul Murad Əli oğlu Sarıyevin… Kövrək Muradın…

1952-ci ildə Borçalı mahalının Aran-Dəllər kəndində sevindirib doğmalarını… Hələ acılı-şirinli, enişli-yoxuşlu dünyamızın gərdişlərinindən xəbər-ətəri yox idi…

Təbiətin, cəmiyyətin, həyatın, yerin, göyün, kainatın, bəşər övladının keşməkeşlərini görüb də kövrəlməyinə, kövrəlib də inciyib-küsməyinə, bir sözlə, Kövrək Murad olmağına çox vardı hələ…

Bilirsiniz kimin şəyirdidir bu sözü urvatlı, sazı salğarlı, özü sanballı Aşıq Murad? Adı bəlli, sazı dilli, durna telli türk ozanı, aşıqlar ustadı, ustadlar ustası azman Hüseyn Saraclının… Özü də sonuncu şəyirdidir aşığın. Nə az, nə çox, düz beş il qulluğunda dayanıb Dədə Hüseynin…

Bir yarpaq xatirə işığı

1980-ci illərin əvvəlləri… “Yazıçı” nəşriyyatına getmişdim. Unudulmaz şair dostumuz Zəlimxan Yaqub orada redaktor işləyirdi. Sözarası mənə demişdi ki, “Şeirlərindən bir qoma yığ gətir, baxaq, bəlkə plana saldıra bildik… “Müəllifin ilk kitabı” seriyasından…”

Ustad aşığımız Hüseyn Saraclını şairin iş otağında görüb sevindim. Zəlimxan Yaqub məni ona təqdim elədi, cavan şair kimi haqqımda xoş söz söylədi. Söhbət əsnasında öyrəndim ki, ustad ozanın kitabı da nəşrə hazırlanır…

Bir azdan Zəlimxan Yaqubla sağollaşıb ustadla birlikdə o vaxtkı “Bakı Soveti”, indiki “İçərişəhər” metrosuna sarı addımladıq. Özümü elə vüqarlı aparırdım ki, elə bil dünyanın yiyəsi idim. Bilirsiniz niyə? Gəlib-gedənlərin hamısı bizə baxırdı… Mənə yox ey, şux yerişli, şıx görüşlü, aşıq naxışlı, aşiq baxışlı, qara papaqlı, nurlu yanaqlı, Koroğlu bığlı, xrom çəkməli, polad tökməli, enli kəmərli, alqış nəmərli Hüseyn Saraclıya diqqət kəsilmişdilər…

Fikirləşirdim ki, nola yolumuz bir az uzana… Elə bil ürəyimi oxudu… “Kimlərdənsən, oğul” – soruşdu. Özümü nişan verdim, könlü açıldı, nurani çöhrəsi güldü: “Ay saqqalın ağarsın, mən də deyirəm niyə mənə bu qədər doğma görünürsən… Ayə, sən mənim qardaşımın oğlusan!”…

Atamı yaxşı tanıyırdı, Başkeçiddə, Hamamlıda, bizim evdə çox olmuşdu. Uşaq vaxtı yaddaşımda necə qalmışdısa eləcəydi… İllər bir balaca üzünə-gözünə naxış çəkmişdi…

Nizami Gəncəvinin heykəlinin yanına çatanda: “Tələsmirsənmi, ağrın alım?” – deyə soruşdu. “Yox, yox…” – kəlməsini elə tez dedim ki, özüm də məəttəl qaldım. “Onda gəl Nizami babaya bir salam verək”, – deyib möhtəşəm abidəyə baxa-baxa dodağının altında nə pıçıldadısa, bir Allah bilir. Sonra: “Bu kişidən dünyaya bir də gəlməyəcək” – deyib postamenti əhatəsini dövrələyən skamyaların birində əyləşdi.

Fürsəti fövtə vermədən ürəyimdən keçən suallara ustaddan cavab almağa tələsdim. Aramla, ustufca suallarımı cavablandırdı…
Xırdalığa varmadan gəlirəm mətləb üstünə…
“Yetirmələrinizdən, şəyirdlərinizdən sizə bənzəyən varmı” – sualını eşidəndə gülümsədi. Ağlı-qarlı bığlarını sığallayıb cavab verdi: “Niyə ki… Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Sədi Ulaşlı, Nurəddin Qasımlı, canım sənə desin, daha kimlərin adını sayım? Hamısı bir-birindən öyməlidi… Amma son zamanlar biri var, ondan umacağım çoxdu… Zalım oğlu nə deyirəmsə əlbəəl dənləyir: oxuduğum sözləri də, çaldığım havaları da, danışdığım əhvalatları da, elə mənim hərəkətlərimi də… Duruşu, yerişi, baxışı da oxşayır mənə… Bir dastanı yanında bircə dəfə danışdımmı ha, qurtardı…

Sinədəftərdi, yazır yaddaşına… Deyirlər, mənsiz olanda ustadını elə yamsılayır ki, eşidənləri çaşdırır… Bildinmi kimi deyirəm, ağrın alım? Muradı deyirəm, Muradı, Aran Dəllərdən olan şəyirdimi… Durnaboğaz aşıqdı… Yaxşı gələcəyi var məsləhətlərimə qulaq assa, yerində dayanmasa…”

Sözün düzü, o zamanacan Muradla görüşüb kəlmələşməmişdik…

İllər sonra tanışdıq, dostlaşdıq… Onda artıq Kövrək Murad olmuşdu…

Bir ara tez-tez görüşürdük saz emalatxanasında… Unudulmaz Aşıq Gülabı Xındı Məmməd oğlu, sadiq dostlarımızla birlikdə…

Bir çox sazlı-sözlü, ağır taxtalı məclislərimizin yaraşığı olub aşıq qardaşımız… Ara-sıra aparıcılığını çiynimə götürdüyüm ədəbi-bədii tədbirlərdə Kövrək Murada cəsarətlə, rəğbətlə, hörmətlə söz vermişəm. Çünki özünün, sazının, sözünün hamını ovsunlayacağına əmin olmuşam… Çünki meydanda özünü Dədə Qorqud ozanı, Dədə Hüseyn Saraclı yadigarı kimi təsdiqləyəcəyinə inanmışam… Çünki səhnədəki çıxışından sonra hər könüldə bir Kövrək Murad abidəsi ucaldacağına bələd olmuşam…

Ötəri bir xatırlatma

Xanım-xatın şairəmiz Səadət Butanın yaradıcılıq gecəsinin aparıcılığı mənə tapşırılmışdı… Ssenarini hazırlayırdım… Proqram ardıcıllığını müzakirə edəndə Səadət xanım dedi ki, a şair qardaşım, Kövrək Muradın çıxışını axırlara yaxın sal.

Soruşdum ki, niyə? Dedi, məclis nə qədər maraqlı keçsə də, cavanı-qocası var, yorulanlar olur. Elə ki gördün, natiqlər çox danışdı, bir az uzunçuıluq oldu, çağır Kövrək Muradı girsin meydana, gör nələr olacaq… Razılaşdım…

Hə, başınızı nə ağrıdım, məclisin şirin yerində söz verdiyim hörmətli bir ziyalı eloğlumuz reqlamenti-filanı pozub başladı, nə başladı… Verglü yox, nöqtəsi yox insafsızın… Bir-iki dəfə aparıcılıq səlahiyyətimdən faydalanmaq istədim, faydası olmadı… Axır ki, onu tamaşaçıların alqış sədaları altında birtəhər kürsüdən endirib yola salan kimi sözü verdim Kövrək Murada…

Bəh-bəh-bəh!.. Əşşi, bu Səadət Buta da bilirmiş də nə dediyini!.. Gözünə döndüyüm Kövrək Murad çıxdı meydana, nə çıxdı… Dədə Ələsgərdən Səməd Vurğuna, Hüsyn Saraclıdan Mikayıl Azaflıya, Aşıq Əmrah Gülməmmədovdan Aşıq Ədalət Nəsibova qədər necə körpü saldısa, duzlu-məzəli söz-söhbətləri ilə hamının yorğunluğunu nə təhər aldısa, məslic təzələndi, nə təzələndi!.. Hələ arada macal tapıb onu mənə tapşıran Səadət Butanın bostanına da qəşəng bir daş atdı… Dedim, ay şair bacım, di al payını!.. Bəs bilmirdinmi axırı belə olacaq?!.

Bax belə aşıqdı bizim Kövrək Muradımız!..
Kövrək Muradın barmaqlarının titrəyişindən, ürəyinin atəşindən, ruhunun yaşarılığından qopub aləmə yayılan bənzərsiz ifalar qədimliyimizin, ululuğumuzun, əzəliliyimizin tərcümanıdır. Bu günümüzün gerçəkliyi, gələcəyimizin xəyallarıdır onun havacatları…

Kövrək Murad azman aşıqların sazından qopan, bu gün çoxlarının repertuarında olmayan, unudulmaq qorxusu ilə üz-üzə dayanan klassik havalarımızı, məşhur söz sərraflarının qəlbəyatan qoşqularını əzbər bilir…
Zaman-zaman bir çox dövlət tədbirlərinin iştirakçısı olub, festivallara qatılıb, saysız-hesabsız el şənliklərinə əlvanlıq gətirib aşıq-sazbəndimiz…

Kövrək Muradın yaradıcı aşıqlara xas olan cəhətlərindən biri də başına gələn əhvalatlara bədii yozum vermək qabiliyyəti, onları poetik ovqat üstündə kökləmək bacarığı, sazla sözün vəhdətində adi bir hadisəni ədəbiləşdirmək, əbədiləşdirmək istedadıdır. Bəzən şahidi olduğun bir əhvalatı elə sənin yanında, elə sənin özünə elə ovqatla, elə yozumla, elə improvizə ilə danışır ki, necə deyərlər, matın-qutun quruyur… Sonra əlini əlinə vurub öz-özünə deyirsən: “Sənətkardı da, qardaş!.. Allah vergisidi!..”

Borçalı aşıq məktəbinin üzdə olan, tanınan simalarından biridi Kövrək Murad. Özünəxas səs tembri, şirin oxumağı, ləngərli danışığı ilə saz-söz sevərlərin könüllərini ovsunlayıb… Neçə illərdir Bakıda yaşayıb-yaradır… Sazının havası, səsinin avazı, sözünün duası ilə ustad aşıq mərtəbəsində qərarlaşıb. Özünün yetirmələri, şəyirdləri var indi…

İlhamlı çağlarında başını sazına söykəyib söylədiyi, söylədikcə də zümzümə elədiyi qoşqularının mayası qədim-qayım aşıq yaradıcılığından, ağız ədəbiyyatından su içir…

Səbrlə, təmkinlə düzəltdiyi saz alətlərinin də ki, tayı-bərabəri yox!.. Tanınmış aşıqlardan çoxu ya köhnə sazlarını sazlatmaq, ya da təzəsini almaq üçün vaxt tapan kimi onun emalatxanasına üz tuturlar… Düzdür, hələ ustad sazbəndimizin həyat verdiyi tut ağacında yaşayan sazlardan birini sinəmə basıb kökləmək, kökləyib də bir hava çalmaq hələ mənim qismətimə düşməyib, amma sağlıq olsun!…

Sonda bir yarpaq yaddaş saxlancı

…Bir neçə il öncə metroda qarşılaşdıq. Hal-əhvaldan sonra dedi: “Yaxşı ki, gördüm, tapmaq olmur ha səni, ay şair!.. Ad günüm yaxınlaşır… Qərara gəlmişəm, ürəyim istəyən beş-on nəfəri yığım başıma, bir az çalıb-çağıraq, könlümüz açılsın… Gözdə-qulaqda ol, sən mütləq orda olmalısan…” Cavab verdim ki, baş üstə, təki saz-söz məclisi olsun, təki sazımızın-sözümüzün bilicisi Kövrək Murad orda olsun, vaxt tapıb gələrəm…

Günlər ayları, aylar fəsilləri, fəsillər illəri qovdu, amma zəng gəlmədi ki, gəlmədi… İstədim özüm zəng vurub soruşam ki, ay aşıq, bəs nə oldu? Məclisimiz nə vaxta qaldı? Sonra fikrimi dəyişdim… “Yüzə dözən yüz birə də dözər” – deyib təqvimə baxdım: nə görsəm yaxşıdı? Gördüm dəyərli aşığımızın, səriştəli sazbəndimizin 70 yaşı cəmi iki ildən sonra tamam olur… Nə qalıb ki? Papağını fırla gəlib çatacaq!… Təki sağlıq olsun!.. Təki dünyamızda əmin-amanlıq olsun!.. Təki canımız sağ-salamat, işlərimiz avand olsun!…

Di gəl bu təsəllidən də ürəyim soyumadı… Sazımı, daha doğrusu, qələm-kağızımı sinəmə basdım. Aldım görək, Kövrək Murada nə dedim, necə dedim? Mən deyim, siz eşidin! Aşığa cansağlığı, sizə xoşbəxtlik arzulayıram:

Kövrək Murad, keçdi yay-qış,
Görüşümüz yaza qaldı…
Yağdı yağış, bitdi qamış,
Çoxun dərdi aza qaldı…

Əyriqarım dərd-ələmli,
Göy bulağım gözü nəmli…
Bülbül ötdü qəmli-qəmli,
Gülün ərki naza qaldı…

Knyaz Aslan döndü közə,
Odu ulu, adı təzə…
Gileyimiz şirin sözə,
Bir də qara saza qaldı…

Knyaz Aslan

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button