Ədəbiyyat

Əllinin əlli cür dərd-səri olsa da…

Dost sözü – sözün dostu

Əllinin əlli cür dərd-səri olsa da…

Qələm dostum, yurd həsrətli, vüqarlılığı ilə Vüqarlar arasında öz yolu-izi olan VÜQAR ƏSGƏROVun 50 illik yubileyinə illərlə söyləyə bilmədiyim ürək sözlərim

…Kaş adamın imkanı olaydı, illərin arxasından boylanaydı bu günə. Biz isə bu gündən geri, əlimiz yetməyən, ünümüz çatmayan illərə boylanırıq. Birimiz sevinirsə, minimiz qəhər dolu göz yaşlarımıza boğuluruq. İllərin, ayların, günlərin nə vecinə, biz olduq-olmadıq, onlar tarixə çevrilir.
Bir vaxtlar ağlıma gətirə bilməzdim ki, ətrafımda bu qədər dost-tanışım ola bilər. Haradan biləydim. Bir kənd uşağının xəyalları qırıq-qırıq olur axı. Yuxularında gördüklərini xəyal sanar və onlara yetmək üçün, az qala, həyatı boyu “dizin-dizin sürünər”lər.
Bu günlərdə dostlarımdan birinin zəngi də məni illər öncəyə qaytardı. Xəyalımda qoruduğum yurdumdan hələ qovulmamışdım, yetimlik nə olduğunu, Vətənin elə doğulduğun beşikdən başlandığının fərqinə varmadığımız vaxtlara döndüm.
Dost sözünün mənasını anlasaq da, həmin yaşda əsl dostun kim olduğunu bilmirik o yaşda, başda.
Ömür yolları da dağ kəndlərininki kimi, enişli-yoxuşlu olur. O yollarda yıxılıb qalan, sonunadək gedə bilməyib, büdrəyib, başı daşdan-daşa dəyənlərin həsəd apardıqları da az olmayıb. Həmişə dostlarıma ilk arzum bu olub: ömür yolunun sonuna qədəmlərin üzərində, qüdrətinlə, öz qüvvətinlə gedəsən.
Dost İlahinin sənə hədiyyəsidir. Qəlbincə olmayanlarla tonlara çörək kəssən də, ona dost deyə bilmirsən. Amma elələri ilə dost olursan ki, heç həyatda bəlkə də bir süfrədə bir tikə kəsməmiş olursan. Sədaqətlilər qardaşdır, dost-doğmadırlar. Buna görə də onlara DOST demək çətin olmur.
Ömrümün köçkün illərində, yəni arxada qoyduğum son 30 il ərzində itirdiklərimdən daha çox qazandıqlarım olub ki, onlar da mənim üçün əvəzi olmayan mənəvi sərvətdir. Ona görə ki, təmənnasız, səmimi, ülvi, sadiqdirlər. Sadalayıb, gözə-nəzərə gətirmək günah olar. Belə dostlarımdan

… biri də VÜQARdır!

Vüqar adlı qohum-tanışlarım da var, dostlarım da. Onlardan biridir Vüqar İsa oğlu Əsgərov. Həm qələm, həm də yurd niskilli əqidə, məslək dostuyuq.
Yəqin ki, çoxlarınız tanıyır. Çünki onu tanımamaq, məncə, günah olardı. Xalqımızın dar günündə canını bu torpağa qurban verən Vətən oğullarının adını tarixləşdirən, onların şərəfli döyüş və ömür yollarını ensklopedik səviyyədə qələmə alanVüqar Əsgərovu deyirəm. Bəlkə bir az da rəsmi şəkildə təqdim edim qardaşımı-dostumu.
TANIŞLIQ:
Vüqar İsa oğlu Əsgərov 13 aprel 1974-cü il tarixində indiki Ermənistan adlanan təcavüzkar “dövlətin” (Azərbaycanın tarixi Dərələyəz mahalında) Yeğeqnadzor rayonun Qovuşuq kəndində anadan olub. 1981-ci ildə həmin kənd məktəbinə gedib, 7-ci sinfə qədər orada təhsil alıb…
Vəssalam, uşaqlıq illərindən əli-ayağı üzülüb. Ona görə də uşaqlıq illərini indi nağıllar aləmi kimi xatırlayır. Uşaqlıq illərini bəxtəvər keçirənlərə yaxşı mənada həsəd aparır.
1988-ci ildə ermənilərin və onların havadarlarının təzyiqi və təcavüzü nəticəsində Vüqargilin ailəsi Naxçıvan MR-nin Şahbuz rayonuna köçməyə məcbur olub. Orta məktəbi burada bitirməyə imkanı olmayıb, ailə Bakı şəhərində məskunlaşdığına görə, o,
1991-ci ildə Bakı şəhər 280 saylı orta məktəbi bitirib.
1992-ci ildə Vətənin çağırışına səs verərək, Milli Ordu sıralarına daxil olan Vüqar Əsgərov Birinci Qarabağ müharibəsində fəal iştirak edib, ağır döyüşlərin iştirakçısı olub.
Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universitetinin menecmentlik fakültəsini əla qiymətlərlə bitirən Vüqar Əsgərov sıradan biri deyil.
Mətbutda çalışdığım illərdə qazandığım dostlardan biri olan Vüqar Əsgərov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Respublika “Xatirə Kitabı” redaksiyasında böyük redaktor vəzifəsində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin üzv olan qələm dostumu, həmkarımı xüsusən ona görə çox istəyirəm ki, o da mənim kimi, yaradıcılığını əsasən vətənkeş igidlərimizin şərəfli ömür yollarının araşdırılmasına həsr edib.
Yerli mətbuatda yüzlərlə publisistik yazı ilə çıxış edən Vüqar Əsgərovun onlarla məqaləsi dünyanın bir neçə ölkəsində ayrı-ayrı dillərdə çap edilib. 2005-ci ildə “Azərbaycanın Milli Qəhrəmanları”nı ilk dəfə toplum halında nəşr etdirən Vüqar Əsgərov 2010-cu ildə həmin kitabı yenidən işlənmiş variantda oxucularına çatdırdı. 2012-ci ildə “Bir ovuc torpaqdır yarama məlhəm”, 2014-cüildə isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuş Bilal Əhliman oğlu Məmmədovun həyatı və keçdiyi döyüş yoluna həsr edilmiş “Sinəmdə yurd dağı var” adlı kitabları nəşr edilib.
Qələm dostumun bu silsilədən qələmə aldığı kitablardan biri də 2015-ci ildə nəşr etdirdiyi “Savaş üçün doğulanlar”dır ki, Azərbaycanın ilk Milli Qəhrəmanı Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edir. Kitabın redaktoru radio dalğalarından bizə yaxşı tanış olan jurnalist-publisist Ötərxan Eltac, məsləhətçiləri isə AMEA-nın Tarix İnstitunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

“Poladın izi ilə…”,
yaxud “Savaş üçün doğulanlar”

Vüqar Əsgərovun qələmə aldığı qəhrəmanların ömürnaməsi, döyüş yolları yalnız kitab səhifələrinə yazılmayıb, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” film studiyası tərəfindən də maraqla qarşılanıb. Bunun nəticəsidir ki, o, Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş bir sıra sənədli filmlərin (Milli Qəhrəman Aqil Məmmədova həsr edilən “Kəşfiyyatçı”, Milli Qəhrəman Mehdi Abbasova həsr edilən “Xüsusi Təyinatlı”, Milli Qəhrəman Şikar Şikarova həsr edilən “Qərargah rəisi”, Milli Qəhrəman Vəzir Sədiyevə həsr edilən “Dəmir Mayor”, Milli Qəhrəman Vüqar Mürsəlova həsr edilən “Dəmir atlı”, Aprel şəhidi Murad Məmmədova həsr edilən “Şərəfli ad”, “Salnamə” film studiyası tərəfindən ekranlaşdırılan, Milli Qəhrəman Şükür Həmidova həsr edilən “Lələtəpə”, “Salnamə” film studiyasının çəkdiyi, Milli Qəhrəman Ehtiram Əliyevə həsr edilən “777”, Milli Qəhrəman, general-mayor Polad Həşimova həsr edilən “Poladın izi ilə…”, Vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynova həsr edilən “Savaş üçün doğulanlar”) ssenari müəllifidir.
Bəzi məqalələrinin sərlövhələrinə diqqət yetirsək, Vüqar Əsgərov bədii-publisistik düşüncələrinin ana xəttinin nədən ibarət olmasını deyə bilərik. Baxaq: “Nigaran ruhların şikayəti”ni qələmə almaq üçün “Qələbə arzusu ilə çırpınan ürək”lə “Ağdama gedirəm” deyən qələm dostumuza “ Bütöv Azərbaycan” qəzeti öz səhifələrində həmişə səxavətlə yer ayırıb.
Vüqar Əsgərovun təltifləri az olmasa da, hələ, məncə, layiq olduğu mükafatları qazanacaq. Bu, şərəfli olduğu qədər də çətin, məsuliyyət tələb edən sahəyə ürək qoyan qardaşımız “Qızıl qələm” media mükafatı laureatı olmaqla yanaşı, vənpərvərliyin təbliğinə görə də “Vətən Naminə” və “Fədai” medallarına layiq görülüb. “Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” mövzusunda keçrilmiş müsabiqədə iştirakına görə “Xüsusi diplom”la təltif edilən Vüqar Əsgərovun bu gün də ölkəmizin elə bir guşəsi yoxdur ki, səs-sorağı oradan gəlməsin. Amalı şəhid oğulların ailələrini ziyarət olan, onların örnək ömür və döyüş yollarını tarixləşdirmək olan Vüqar Əsgərov kimi vətənpərvər qələm adamlarının özləri də düşmənlə cəngi-cidada, döyüşlərdədir. Axı, düşmənlə mübarizə aparmaq, onun iyrənc məqsədlərini ifşa etmək də mübarizənin bir formasıdır.
Yolun açıq, canın sağ, olsun, qələminin mürəkkəbi qurumasın, Vüqar Əsgərov. Sən Vətənin əbədi əsgəri kimi xidmətdəsən!

Bir-birə tən gələn dostlar

Vüqar Əsgərovla Bakıda, qəriblik, qaçqınlıq-köçkünlük illərimin başladığı ilk vaxtlardan tapdım, tanıdım. Əslində, dərdlilər bir andaca hiss edilirlər, duyumlular yanında. Mən “Vətən səsi” qəzetində çalışıb, dərd-sərimi oxucularla bölüşdüyüm günlərin birində onunla redaksiyada tanış olduq. Qərbi Azərbaycan nisgilli Nəsib Qaramanlı (iş yoldaşım, həmkarım, qələm və şair dostum) onu mənə qardaş kimi təqdim etdi. Respublika “Xatirə Kitabı” redaksiyasında çalışdığını öyrəndim. Qələminə, dəst-xəttinə bələd olduqca, bu Qarabağ qazisinin qəlbinin zənginliyinə heyran olmaya bilmədim. Deyim ki, təsadüfən nəşriyyatdakı yeməkxana-çayxanada bir stəkan çay içib, uşaqlıq və əlimiz üzülən gənclik illərimizdən söz açanda kövrəlib, söhbətimizi yarımçıq qoyub iş başına qaçmışıq.
Yaxından tanışlıqdan sonra Vüqar Əsgərovun dostlarını da doğma gördüm. Əslən məşhur Kəngərlilər nəslindən olan, ata-babası Qərbi Azərbaycandan didərgin salınıb Mil-Muğan bölgəsinə sığınacaq gətirmiş, Göyçay rayonunda müəllim işləyən Aqil Kəngərli ilə də məni Vüqar qardaşımız tanış etdi. Bu, həmin Aqil Kəngərlidir ki, 2015-ci ilin mart ayında Türkiyənin Antalya şəhərində bir həftəlik beynəlxalq konfransa birlikdə dəvət aldıq və orada hoteldə bir odada qaldıq, şirin-şirin xatirələr qazandıq.
Vüqar Əsgərovla həmsöhbət olanda sözümüz, əlbəttə, Vətən daşı olan vətəndaşlarımızdan başlayır: mən Kəlbəcərimdən, o isə Dərələyəzindən perik düşməyimizdən, o torpaqlara mütləq qayıdacağımızdan danışar və bir-birimizə təsəlli verirdik.
Ailəmizin doğmasına çevrilən sədaqətli dostum Vüqar söhbətlərimizin birində itirdiyimiz yurdların həsrətindən söz düşmüşkən qayıtdı ki:
-Ay qağa, sənin şəhid kitablarındakı portret-oçerkləri oxumaq olmur. Hələ oxucuları belə yandırıb-yaxırsan, görün onların doğmaları necə oxuyur?!
Demək istəyirdi ki, şəhid yazılarını çox yanıqlı dillə yazırsan. Bəlkə də haqlı idi. Vüqar Əsgərovun özünün bu sahədəki xidmətləri əvəzedilməzdir. Heç özündən danışmır, minbir çətinliklərlə ərsəyə gətirdiyi kitablarında tarixləşən qəhrəmanlarımızın şərəfli ömür yollarını qələmə almaq asan deyil axı.

Əlli ilin son aşırımı…
Yaxud Zirvədə dalğalanan yubiley

Vüqar Əsgərov ömrünün 50-ci baharına elə bu aprel günlərində qədəm qoyub. 50 il bir igid ömrüdür. 50 il yaşayanlar olur ki, ailəsindən savayı onu kimsə tanımır. Lakin Vüqar kimi oğullar 50-dən çox-çox əvvəl xalqı tərəfindən tanınır və sevilir. Axı, Vüqar Əsgərov gəncliyindən Vətənə xidməti özünün müqəddəs borcu hesab edib. 50-dək 50 min insan sevgisini qazanmaq onu yazmağa-yaratmağa bir az da ruhlandırıb, ilhamlandırıb. Yollar onu yormayıb. Ölkəmizin ən ucqar yerlərinə, şəhid ailəsinin sorağı ilə yol başlayıb.
Ömrünü yollarda keçirib xeyirxahlıqdan zövq alan və bunu yaradıcılığının mənası hesab edən qələm dostumun yaddaışı da məni valeh edir. Az qala, bütün görüş və söhbətlərimizin sinədəftəridir. Bir dəfə bunu daha ciddi şəkildə duydum. Hər ikimizin dostu Aqil Kəngərli ilə “sözləşmələrimiz”i əzbərdən mənə deyəndə heyran-heyran ona tamaşa edirdim. Bax bu “deyişmə”lərimizi əzbərdən deyən Vüqar bununla yaddaşının güclü olmasını təsdiqləsə də, dolayısı ilə dosta sədaqətini də bildirirdi:
-Qardaş, Aqil Kəngərli ilə olan deyişmələrinizi əzbərdən desəm, necədir?
Dedim:
-Ay qardaş, heç o “deyişmə” -yazışmamız mənim yadımda deyil, sən hardan bilirsən?

Deyişmələr – “döyüşmələr…
Sözlı-sözlü görüşlər, xatirələr

Yanılmışdım. Vüqar, həmin deyişməmizi, hətta, mənim Göyçəmizlə bağlı bir neçə şeirimi də sinədən dedi:

Aqil Kəngərli deyir:
Yenə saz götürüb meydan suladın,
Vurdun təzanəylə təzə xal, aşıq.
Elə havalanıb oxudun, çaldın,
Süzüldü dilindən şəkər, bal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Saz da, söz də, türkün yarı-yarağı,
Qələm əldə, saz sinədə ola kaş.
Yayıla ellərə səsi-sorağı,
Qala yaddaşlarda, qardaş, belə kaş.

Aqil Kəngərli deyir:
Elə vurulmuşam havacatına,
Səsin yenə qalxıb kəhər atına,
Gedək Naxçıvanın Batabatına,
,, Şərili” havasın orda çal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Telli sazın zili səndin, bəmi mən,
Siləmmədim havalardan qəmi mən.
Çalmadımsa “Dilqəmi”ini həmi mən,
Kərəm olub mən dönəydim külə, kaş.

Aqil Kəngərli deyir:
Qoşma, gəraylıdan, təcnisdən denən,
Koroğlu qurduğu məclisdən denən,
Dərbənddən , Kərkükdən, Təbrizdən denən,
Bir olan Vətəni yada sal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Qoşman qanadlandı, saz dilə gəldi,
Bülbül nəğməsitək söz gülə gəldi.
Sonalar sallandı, qaz gölə gəldi,
Mizrab sığal çəkə bir də telə kaş.

Aqil Kəngərli deyir:
Çal, Əsli yaxası bağlı qalmasın,
Qara keşiş hiylə-kələk olmasın,
Kərəm alışmasın, Kərəm yanmasın,
Əslini Kərəmə, gəl, sən al, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Əslini Kərəmə yazmadı Xudam,
Mən belə sevdaya uzağam, yadam.
“Cəlili” üstündə atəşəm, odam,
Dostum əhvalımı belə bilə, kaş.

Aqil Kəngərli deyir:
Çaldın “Cəlili ”ni öldü həvəsim,
Qəhərdən boğuldu, çıxmadı səsim,
Hanı Sallı kəndim, Dərələyəzim?
Necə oldu, o kənd, o mahal, aşıq?

Məhəmməd Nərimanoğlu deyir:
“Yurd yer”ni pərdə-pərdə dolaşdıq,
Ayaqyalın gül şehinə bulaşdıq.
Dağları dolanıb, zirvələr aşdıq,
Bitəydik çəməndə dönüb gülə kaş.

Aqil Kəngərli deyir:
Getdi, o yerlərdən saz səsi, getdi,
Getdi, Ələsgərin Göyçəsi getdi,
Obanın, oymağın neçəsi getdi,
Qalmayıbdı əvvəl olan hal, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
İtirmişik neçə çəmən, neçə çöl,
Gedib əldən Kəpəz, Murov, Alagöl.
Solub çəmən, solub çiçək, solub gül,
Ölməyəydik yurd-yuvasız hələ kaş.

Aqil Kəngərli deyir:
Gör neçə çöl, çəmən, meşə vermişik,
Zəngəzur itirib, Şuşa vermişik,
Yəni biz bu qədər qeyrətsizmişik?
Məni düşündürür bu sual, aşıq.

Məhəmməd Nərimanoğlu deyir:
Ümidim var “Cəngi”, “Misri” çalmağa,
Yağılardan qisasımı almağa.
Məhəmmədəm, budur arzum, ay qağa,
Edəydik düşməni əsir, kölə kaş!

Aqil Kəngərli deyir:
Saxla “Ruhani”ni, “Misri”yə döndər,
Düzülsün sıraya, hər igid, hər ər.
Arxada xalqımız, qarşıda öndər,
Alaq Qarabağı, salaq yol, aşıq.

Vüqar bununla demək istəyirdi ki, xalqımızın əlindən zorla alınan, tarxi saxtalaşdırılan ulu ozan yurdunun arxa-dayağı olmuş Kəlbəcərin ədəbi mühitinə yaxından bələddir. Bu da onun vətənpərvərliyinin daha bir bariz nümunəsi idi.
O, yadıma ulu Göyçəmizlə bağlı bir gəraylımı da saldı:

Göyüm-göyüm göynəyirəm, Düşübdü könlümə Göyçə.
Özgə bir yurd neynəyirəm,
Yuxuma gəlib bu gecə,
Düşübdü könlümə Göyçə.

Yaralıyıq ikimiz də,
İmkan yoxdu əlimizdə.
Gətirmişik gözümüzdə,
Ağlaşırıq biz gizlicə,
Düşübdü könlümə Göyçə.

Əsir qalıb Göyçə gölü,
Sazımdakı “Göyçəgülü”.
Bir haraylı, bir ah-ünlü,
Sızlayıram mən görüncə,
Düşübdü könlümə Göyçə.

Nağıldımı, dastandımı?
Unutmaq heç asandımı?
Bu möhnətdən usandımı,
Dözəmmərəm mən gedincə,
Könlümə düşübdü Göyçə.

Dağılıfdı neçə dəfə,
Alandan yağı hədəfə.
Orda dığa baxır kefə,
Burda halımız gör necə,
Düşübdü könlümə Göyçə.

Məhəmmədi dərdinə tuş,
Ömür qısa, yollar yoxuş.
Budur sinəmizdə naxış,
Çox da müqəddəsdi Gəncə,
Düşübdü könlümə Göyçə.

Onun bu yaddaşına heyran qalıb mən də ona “borclu” qalmaq istəmədim:
-Qağa, kaş, Dərələyəzimizi də görə biləydim. Amma Göyçəmiz göynək yaramızdır. Yaramızdan axan qandır Göyçə. Hələ Kəlbəcərdə yaşayarkən yazmışdım ki:
Qışda orda, yaz da orda gözəldi,
Ömrümüzün hər fəsliydi Göyçəmiz.
Ulu kökü əzəldən də əzəldi,
Qorqud yurdu, türksoyluydu Göyçəmiz.

Sazlı-sözlü ocaq idi, piriydi,
Ələsgərim ustadlıqda biriydi.
Nəcəfimiz köz kürəkdə diriydi,
Alım kimi nəsilliydi Göyçəmiz.

İgidləri saya gəlməz olubdu,
Dəfələrnən dağılıbdı, dolubdu.
Dağ çəkilib, təklənibdi, qalıbdı,
Qədirbilən əsilliydi Göyçəmiz.

Yağı düşmən kəsdi üstün, yolunu,
Bağlayandan qulac-qulac qolunu.
Açmalıyıq sağını, həm solunu,
Deməsinlər təkelliydi Göyçəmiz.

Kəlbəcərə arxa idi, dağ idi,
Barlı baxça, həm meyvəli bağ idi.
Ay Məhəmməd, nə bəxtəvər çağ idi,
Dar ayaqda təsəlliydi Göyçəmiz.

Vüqar qardaşım, sanki mənə özünün kimliyini yenidən tanıtmaq istəyirdi. O, Göyçə ilə bağlı yazdığım bir qoşmanı da əzbər bildiyini təsdiqlədi:
-Həə, bilirsən yadıma, qağa, sənin Göyçə ilə bağlı hansı şeirin düşdü? Bir toy məclisində sinədən demişdin ey:

Tanış gəlir, bu səs mənə, ün mənə,
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!
Unutmuşam, unutmusan yoxsa ki,
Xəyalıma Göyçə gölün salırsan?!
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!

Düşmüsən gədikdə borana-qara,
Almısan sinəndən çal-çarpaz yara?
Didərgin düşəndən gəlmisən zara,
Sən qadasın ona görə alırsan,
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!

Ələsgərim bu havada dillənib,
Təcnis Alı dağ çayı tək sellənib.
Dədə Şəmşir gül vurduqca güllənib,
Kərəm kimi gədiklərdə qalırsan,
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!

Dayan, qardaş, Nəcəfimi anıram,
Onun kimi samovarla yanıram.
Bu havanı mən baş hava sanıram,
Bir havada min xəyala dalırsan,
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!

Bənzədirsən bu havanı gülə sən,
Çəmənə sən, çiçəyə sən, gülə sən.
Yalvarırsan mizrabınla telə sən,
Məhəmmədəm, bulud kimi dolursan,
Yoxsa, aşıq, “Göyçəgülü” çalırsan?!

Dost sözü – sözün dostu

Vüqar qardaşımı da sözün dostu və dostun sözü kimi yazmışam yaddaşıma. Ömrünün 50-ci bahar fəslini də elə təbiətlə qol-boyun qarşılayır. Ana təbiət də bahar çağına qədəm qoyub: çiçək fəsli gəlir qarşıdan. Vüqar Əsgərovun da ömrü ilə yaradıcılığının bahar fəslidir. Barlı-bəhrəli olsun. Yeganə – tək (madar) balasının bar-bəhrəsini dadsın, amin. Bahar fəsilli 50 illiyini səmimi, ürək sözlərimlə təbrik edir və poetik dillə diləyirəm:

Ömrün zirvəsinə, Vüqar qardaşım,
Kaş, biz də dağlarda çata biləydik.
Dərib dağ çiçəyin biz qucaq-qucaq,
Çəməni çiçəyə qata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Quraydıq məclisi göy çəmən üstə,
Gələydi dost-tanış hey dəstə-dəstə.
“Yurd yeri” üstündə, həzin, ahəstə,
Bulaq nəğməsinə yata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Qol götürüb asta-asta süzəydik,
Hər çəməndən bircə çiçək üzəydik.
Ayaqyalın, başı açıq gəzəydik,
Çiçək dənizinə bata biləydik,
Əlliyə dağlarda çata biləydik.

Dilim yenə yaman yerdə kiridi,
Yurd həsrəti min dərdimdən biridi.
Çeşmə kimi gözüm nuru əridi,
Hardan gəldi bir bu ayrılıq, biləydik,
Əlliyə dağlarda çata biləydik.

Çəkəmmədik Göyçəmizin nazını,
Çalammadıq Dədə Ələsgər sazını.
Məhəmmədə yazdıranda yazını,
Dərələz ruhunu tuta biləydik,
Əlliyə dağlarda çata biləydik.

Təbrik təbrikə qarışsın…

Vüqar, xoş gəlib, səfa gəlib,
Təbrik edək biz əllini!
Qoy oxşasın gül ətirli,
Şirin-şirin söz əllini!

O, zirvədir gözlərində,
Bala dönür sözlərində!
Təpər olsun dizlərində
Sevin, sevdir öz əllini.

Süfrəni aç, dostu səslə,
Nə işin var özgə kəslə!
Ocaq qala, bir az gözlə,
Yandırmasın köz əllini!

O tək balan tez boy atsın,
Haya yetsin, hoya çatsın.
Təbriki təbrikə qatsın,
Sən yanaşı düz əllini!

Təbrik edir dost-yoldaşın,
Ev xanımın – sir sirdaşın.
Qoy desin bacı-qardaşın,
Yetirmisən tez əllini.

Məhəmmədəm mən, ay qağa,
Bar gətir budaq-budağa.
Qurban olum belə çağa,-
Süzək yüz, yüz, əllini!

Nəhayət, dost adından Vüqar qardaşımıza Aqil Kəngərlinin 50 illiklə bağlı bir “deyişmə”mizi də dost diliylə ərmağan edirəm.

A.Kəngərli:
Sürətlə dövr edir, zaman, vaxt belə,
Gəlir il üstünə il, qocalıram.
Artır əmi-dayı deyənlər elə,
Bu dərddən ağarır tel, qocalıram.

Məhəmməd Nərimanoğlu:
Nə yaman gileyli başladın, qardaş,
Ağarır vədəsiz tel, qocalırsan?
Ömür bir karvandır, yaş ona yoldaş,
Vermisən sən ona əl, qocalırsan?!

Aqil Kəngərli:
Qalxdığım zirvəni artıq enirəm,
Kədərə, qüssəyə hey bələnirəm.
İlin on ayını xəstələnirəm,
Yanımdan ötməmiş yel, qocalıram.

M.Nərimanoğlu:
Qədrini bilmirik biz Ayın, Günün,
Eşitmirik biz nə ahın, nə ünün!
Ömrü olur talesizin, sürgünün?
Bacar dərdlərini böl, qocalırsan!

Aqil Kəngərli:
Qarşını bulanıq görür gözüm də,
Rabitə pozulur kəlməm, sözümdə.
Əvvəlki təpər də yoxdur dizimdə,
Titrəyir, dayanmır əl, qocalıram.

M.Nərimanoğlu:
Sən sinəndə saxlamısan yurdunu,
Türkün simvolutək sən Bozqurdunu!
Dur qaldır ayağa, yetər, ordunu!
Düşmənin bağrını dəl, qocalırsan!

A.Kəngərli:
Keçdi gənclik, Aqil, olur yaş əlli,
Dərd-qəm bükdü məni, tapılmır həlli.

Çox da ki özümə verim təsəlli,
Geriyə fırlanır val, qocalıram.

M.Nərimanoğlu:
Sən Aqilsən, uşaqlıqdan aqildin,
Kim deyir ki, Məhəmmədə yad idin?
Öz yurdunda ocaq idin, od idin,
Yanıbsan olmusan, kül, qocalırsan?!

Hörmətlə,
Qardaşın-dostun
Məhəmməd Nərimanoğlu,
Bakı, 7 aprel 2014-cü il

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button