Ədəbiyyat

“Canavar yuvası”- AKİF CABBARLI YAZIR

Akif Cabbarlı

(hekayə)

İki parç pivə, bir nəlbəki yaxşı bişmiş isti noxud, dörd fal ucuz kolbasa, dörd ədəd sosis, bir ovuc alça, iki pomidor, bir xiyar, köhnə əyyamlarda stolların bəzəyi olsa da, indiki dövrdə o qədər də xoşa gəlməyən qrafinə süzülüb ortaya qoyulan iki yüz qram araq. Bütün bunlar ortada idi və ciblərimizə uyğun sifariş verdiyimiz bu təamlar bir azdan iştahamızın qurbanına çevriləcəkdi. Dostumla baxışdıq və sözsüz ki, parıltılı nəzərlərimiz əvvəlcə araq qrafinində birləşdi. Deməli, arağı içməli, bir tikə çörək kəsməli, sonra məhəlləmizdə Bayram kişinin sözləri ilə desək, bir “mərifətli” siqaret çəkməliydik.

Belə də elədik. Xiyarı qardaş malı kimi tən yarı böldük, qədəhləri toqquşdurub ənənəvi sağlıq söyədik: – “Şərəfə!”. Kimin şərəfinə deyəsi idik axı? Təbii ki, özümüzün. Zəhmət çəkib gələydilər, bu “canavar yuvası”nda kamali-ədəblə bizimlə üz-üzə, göz-gözə əyləşəydilər, stəkanlarımızı toqquşdurub “anası ölmüş”dən nuş edəydik özümüz üçün də… İndi isə işlətdiyim “canavar yuvası”, “anası ölmüş” ifadələrinə aydınlıq gətirim, sonra söhbətimə davam edərəm.

İstirahət günlərinin, iş saatlarının dumana düşdüyü vaxtlarda kasıbyana da olsa, ucuzvari kafelərdə kefini durultmaq istəyənlər üçün bir balaca çətinlik yaranıb. Hər kəs də evinə çəkilib tək-tənha yeyib-içə bilmir axı… Ləzzət eləmir sözün düzü. Arvadın dır-dırı, sonu görünməyən tənəli çıxışları… sonra da ki, güzgüyə baxıb öz-özünə sağlıq demək absurd bir məsələdir. Odur ki, biz iki dost çox fikirləşdik, götür-qoy elədik ki, əlimizə beş-on manat düşəndə haradasa kefimizi sazlayaq özümüz üçün. Həyətdə heç cür olmazdı. Göz qoyan, oğrun-oğrun seyr edib nəticə çıxaran, “mühüm” qərarlar verən kəslər az da olsa tapılır. Bir də ki, arvad-uşaq görə-görə günün günortasında hansısa talvarın altında, ağacın dibində araq hörtdədəsi deyildik ki…

Günlərin birində binamızın həndəvərində yaşıl zolaqların arasında bir xudmani yer tapdıq. Küknar ağaclarının əhatəsində əla bir guşə idi. Oturmağa kətilləri, balaca, ensiz taxtı, hələ istəsən, əllərini yumağa suyu da vardı. Görünür, yaşıllıq işçilərinin idi, amma şose yolunun lap qırağında olduğundan hər an lap böyründəcə polis maşınının, ya da yaşıllıq təsərrüfatı işçilərinin dayanmayacağına zəmanət verə bilməzdin. Həmin bu yeri öz aramızda mırtlaşıb “çaqqal yuvası” adlandırdıq. Amma sonra bu adın doğurduğu assosiasiyaya görə burada xəlvəti oturub çörək kəsməkdən vaz keçdik.

Nə isə. Sonrakı günlərin birində dostum qoluma girib məni dairəvi yolun qırağında cərgə ilə sıralanan bir dəmir-dümür dükanına apardı. Dükana bitişik üstündə hind aktyor və aktrisalarının rəngli şəkilləri yapışdırılmış karton qapını açıb içəri keçdik. Uzağı beş adamın sığacağı qəribə bir guşədə bizi obyektin yiyəsi qarşıladı. Dostum gülümsər sifətli, orta boylu eloğlusunu və qohumunu mənimlə tanış elədi. Sonra burada oturub yüngülvari nahar elyib-eləyə bilməyəcəyimizi dəqiqləşdirdik. Çox qəribə, ağılagəlməz söhbət alındı.

-Niyə də olmasın, qardaş? Mənim obyektim əsl canavar yuvasıdır. Fikir verdinizmi, uçastkovının kabineti ilə yan-yanadır. Bura hər oğul ürək edib ayaq basmaz. Odur ki, adına “canavar yuvası” deyirlər. Bir halda ki, gəlmisiniz, qurd ürəyi yemisiniz.

Dediyini də elədi. Stolun üstünə bizim istəyimizlə nələri düzdüsə, hekayənin əvvəlində sadalamışam.

Qaldı ki, “anası ölmüş”ün açılmasına, qoy deyim də. Məhəlləmizdə son dərəcə ciddi və həm də hədsiz yumor hissinə malik bir kişi yaşayır. Çox nüfuzlu idarədə, məsul vəzifədə işləyir. “Anası ölümş” ifadəsinin şəriksiz müəllifi də bu kişidir. İndi həyət kişiləri bir nəfər kimi arağı “anası ölmüş” adlandırır. Bu adın etimologiyası ilə hələlik heç kim maraqlanmayıb.

Beləliklə, “canavar yuvası”nda bala-bala özümüz üçün “anası ölmüş”dən vurub xumarlanırdıq ki, içəri iki nəfər girdi. Dostum onları görcək hər ikisi ilə çox səmimi qucaqlaşıb öpüşdü. Bu problemli günlərdə bu sayaq görüşmək məni sözün əsl mənasında ürpəndirdi, üşütməyə saldı. Dostum necə kövrəlmişdisə, dərhal pivə parçlarının ikisini də bir-bir onların əlinə dürtdü: – için, için, sərinləyin, siz mənim əzizim, qohumlarımsınız.

Beləliklə, pivədən əlimiz çıxası oldu. Cibimizdəki maliyyə ehtiyatı isə əlavə sifarişə imkan vermirdi. Heç beş dəqiqə keçmədi ki, karton qapı açıldı və içəri iri gövdəli bir qadın və yanında da beş-altı yaşlarında bir uşaq pərçimləndi. Qadın o qədər gombul idi ki, içəri düzünə yox, ancaq yanpörtü girə bildi. Onu dərhal tanıdıq. Ara-sıra həyətimizə gəlir, atılmış əşyaları, boşalmış şüşləri yığır, harasa satmağa aparır, çörəkpulu qazanır. Yanındakı uşağı diqqətlə süzən dostum bu dəfə də çox sıcaq münasibət sərgilədi:

-Oğlum, necəsən, mənim balam? Allah səni saxlasın.

Sonra o, stolun üstündən iki dilim çörək götürüb, arasına iki fal kolbasa qoyub: – götür ye, nuş elə, – dedi.

Anası dərhal dilləndi:

-O, qızdır, əmisi, oğlan deyil.

Bu sözdən sonra dostum lap kövrəldi. Növbəti buterbroda pomidor da əlavə elədi. Mən də dostumdan geri qalmaq istəmədim. Cibimdən siqaret üçün saxladığım iki manatı çıxarıb ədəb-ərkanla uşağa təqdim elədim. Sonra dizləri cırıq cins şalvarının daracaq cibinə bir ovuc alça qoydum. Uşaq nə isə mızıldadı, ancaq bilmədik ki, bizi söyür, yoxsa təşəkkür edir. Hər halda üzündəki ifadədən heç nə anlaya bilmədim. Araq bir yana, rastlaşdığım ürək sıxan mənzərə məni az qala sərxoş edəcəkdi. Him-cimlə dostuma anlatdım ki, artıq getmək vaxtıdır. Obyektin sahibi ilə səmimi sağollaşıb, karton qapıdan astaca sivişib bayıra çıxdım.

Arxamca gələn dostum adəti üzə qısa müddətli məclisimizə nikbin bir sonluq vermək istədi:

-Bəlkə gələn dəfə…

Ağzını açan kimi bildim ki, ürəyindən nə keçir. Yüz faiz onu demək istəyirdi ki, sabahda-birigündə bəlkə Səmid Həmidovun dükanından ayın-oyun götürüb özümüzü verək “çaqqal yuvası”na?..

Hər halda düşünməyə dəyərdi…

Analoq.az

Daha çox
Back to top button
Close