Ədəbiyyat

SƏMƏD VURĞUN VƏ AŞIQ ŞƏMŞİR YARADICILIĞINDA BAHAR BAYRAMI

Səməd Vurğun və Aşıq Şəmşir zəngin yaradıcılığı olan sənətkarlarımızdandır. Hər iki dahi sənətkərın ədəbiyyatımızın inkişaf etməsində, zənginləşməsində böyük xidmətləri olmuşdur. Səməd Vurğun doğulub boya-başa çatdığı Qazax rayonundan, yəni kiçik bir məkandan qalxaraq böyük bir məkanda şan-şöhrət qazanmışdır. Səməd Vurğunu sevdirən, əsərlərini dillər əzbəri edən həm onun əsərlərinin dilinin saflığı, duruluğu, üslubun özünəməxsusluğu və gözəlliyi, həm də xalqın, ayrı-ayrı insanların yaşamını əsərlərində yüksək səviyyədə bədiiləşdirməsi olmuşdur.

Səməd Vurğun vaxtilə yüksək vəzifələrdə işləməsinə baxmayaraq, həmişə sadə insanların arasında gəzmiş, yaradıcılığa meyli olan, xüsusi istedadlı şəxslərin tanınmasında böyük rolu olmuşdur. Səməd Vurğun Azərbaycan ədəbiyyatına öz dəsti-xətti olan Əliağa Kürçaylı kimi böyük şəxsiyyət qazandırmışdır.

Səməd Vurğunun Azərbaycan ədəbiyyatına, xüsusilə də aşıq sənətinə qazandırmış olduğu şəxslərdən biri də ustad Aşıq Şəmşirdir. Məmməd Aslan yazır: “Həzrəti-Məhəmməd buyurur ki: ” İnsanın ən xeyirlisi başqalarına xeyri dəyən kəsdir!” Bu mənada, Səməd Vurğun böyük qayğı və xeyirxahlığı ilə Dədə Şəmşiri dərənin dibindən zirvəyə qaldırmışdır”. Səməd Vurğun xalq psixologiyasına, insanların düşüncə tərzlərinə bələd olan bir Xalq şairi idi.

O, istedadı olan insanı neçə-neçə insanın arasından seçə bilmək qabiliyyətinə malik idi. Düzdür, Səməd Vurğunun Aşıq Şəmşirin ününün yayılmasında böyük xidmətləri olmuşdur, lakin Aşıq Şəmşir də yüksək istedada sahib olduğu üçün o, bu yaxşılığın qarşılığı olaraq məhz bütün gücü ilə sazına, sözünə bağlanmış, neçə-neçə gözəl sənət əsərləri yaratmışdır. O, bununla da Səməd Vurğunun etmiş olduğu yaxşılığın yüksək şəkildə qarşılığını vermişdir. Burda bir atalar sözünü yada salmaq yerinə düşər: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”.

Şeyx Nizamidən, ustad Füzulidən, seyid İmadəddindən, Qızılbaş Şah İsmayıldan tutmuş ustad şairlərimiz yaradıcılıqlarında xalq yaradıcılığı örnəklərindən geniş şəkildə istifadə etmişlər. Həm Səməd Vurğun, həm də Aşıq Şəmşir öz yaradıcılıqlarında kollektiv biliyin məhsulu olan xalq yaradıcılığından böyük ustalıqla bəhrələnmişlər. Dahi şairimiz Səməd Vurğun xalq əfsanələri əsasında əsərlər yazmış, neçə min illər xalqın dilində dolaşan aforizmləri şeirlərində, poemalarında verməklə bənzərsiz sənət əsərləri yaratmışdır. Hətta bununla yanaşı, Səməd Vurğunun elə sözləri var ki, onlar məhz aforizmə çevrilmiş, xalqın dilində dolaşmış və bu gün də dolaşmaqdadır.

Məsələn, “Qızılı udsa da qara torpaqlar, Yenə qiymətini özündə saxlar”, “Günəşi örtsə də qara buludlar, Yenə günəş adlı bir qüdrəti var!, “Soyuq məzara da zinətdir insan”, “Şərəf bir ziynətdir insan oğluna”, “Ana südü getməz bada”, “Üzük qaşla, arvad ərlə tanınar” belə aforizmlərdir.

Məqalənin adından da göründüyü kimi, Səməd Vurğunun və Aşıq Şəmşirin yaradıcılığında Bahar bayramı məsələsinə toxunacağıq. İlk olaraq Səməd Vurğunun Bahar bayramına dair yazdığı şeirləri, poemalarında hissə-hissə verdiyi bayramla bağlı parçaları və s. məqaləmizdə şərh etməyə çalışacağıq. Səməd Vurğunun “Komsomol” poemasında Bahar bayramına dair “Novruz bayramında” adlı bir başlıq var. Səməd Vurğun burada Bahar bayramının neçə keçirilməsi, müxtəlif ritualların icra olunması, qulaq asdı (qapı busmaq), fala baxmaq, Kosanın təsviri və s. məsələlərdən söz açmışdır. “Komsomol” poemasında Səməd Vurğun ilk olaraq Bahar bayramına qədər, yəni qışla yazın əvəzləşməsi baş tutana qədər olan təbiət hadisələrinin təsvirini vermişdir.

Məsələn:

Şaxta qılıncını qoymuşdur qına,
Yazın qüdrətinə təslim olur qış.
Yer tumar versə də öz sağrısına
Ağaclar dirçəlib çiçək açmamış.
Qara yel gah əsir, gah da dayanır,
Hələ də evlərdə buxarı yanır.

Və yaxud:

Hələ toxtamamış beyin qan bahar
Kamala dolmamış bir cavan kimi;
O tez acıqlanır, tez də yumşalır,
Ürəyi tutmayır bir yerdə qərar,
Hələ toxtamamış beyni qan bahar…

Səməd Vurğunun yazın dəlisovluğundan, çılğınlığından bəhs edəndən sonra axır çərşənbə ilə bağlı söylədiyi sözlər son dərəcə maraq doğurur.

Axır çərşənbədir… İl tamam olur…
Bu il,-kənd içində danışır hamı, –
At üstə gəlmişdir Novruz bayramı-
Qulunlu at üstə…

Bu bir muraddır.

“Axır çərşənbədir… İl tamam olur”-deyərkən Səməd Vurğun nəyi nəzərdə tuturdu? Bu gün yaşlı nəslin hər hansı bir nümayəndəsinə sual versək ki, il nə zaman təhvil olur? -onlar deyəcək ki, Bahar/Yaz bayramında. Türk xalqı neçə min illərdi martın 21-ni təzə ilin ilk günü kimi qeyd edir. Hətta elə bölgələrimiz də var ki, orda məhz sonuncu çərşənbəni əsas götürürlər. Onlar üçün sonuncu cərşənbə elə köhnə ilin son günü, təzə ilin ilk günü sayılır. Məsələn, “Cəlilabad rayonunun demək olar ki, əksər kəndlərində sonuncu çərşənbə 20-21 marta nəzərən daha canlı və gümrah keçirilir”.

Səməd Vurğun daha sonra Bahar bayramının əvəzolunmaz obrazı olan Kosa haqqında da məlumat verir. O, təkcə Kosanın adını çəkmir, həm də Kosanın geyimini, hərəkətlərini təsvir edir.

Kosanın başında bir keçə papaq,
Zınqırov da asıb lap kəlləsindən.
Onun çıxardığı oyunlara bax,
Nə üzdən tanınır, nə də səsindən.

Gah olur, mələyir qoyun sayağı.
Gah bir at olub kişnəyir Kosa,
Yüz qapıya dəyir onun ayağı,
Yüz evdən pay alır o heç olmasa.

O, xəsis görəndə “əzrail olur”,
Bacadan sallanıb “qılınc” da çəkir,
Elə ki, torbası şirniylə dolur,
Kosa əllərini bığına çəkir…

Buradakı maraqlı məqamlardan biri də Kosanın geyim tərzi və onun davranışlarıdır. Bizə məlumdur ki, kosanın papağı uzunsov, əynindəki libası da uzun olur, lakin Kosanın başındakı papağın üst hissəsindən “zınqırov” asması, qoyun sayağı mələməsi, at kimi kişnəməsi və s. bunların hər biri diqqəti cəlb edən məsələlərdəndir. Kosanın at kimi kişnəməsi həmin ilin məhz at üstündə gəldiyini bildirir. Qulunlu (balaca at balası) at üstündə Baharın gəlməsi bolluğa işarədir, Həmçinin Kosanın qoyun sayağı mələməsi də. Daha sonra Səməd Vurğun qeyd edir ki;

“Onun çıxardığı oyunlara bax,
Nə üzdən tanınır, nə də səsindən”.

Buradan belə bir qənaətə gəlmək olur, Kosanın geyim tərzi, davranış modelləri fərqli olduğu kimi, həmçinin onun üzündə də tanınmaması üçün maska olmuşdur.

Daha sonra Bahar bayramında qızların, gəlinlərin əllərinə xına yaxması, fala baxmaları, qapı busmaları, yəni qulaq asdı və s. adət-ənənələri haqqında söz açmışdır. Səməd Vurğun “Komsomol” poemasında Bahar bayramı ilə bağlı bir neçə ritualların keçirildiyindən də söz açır. Poemada Humay obrazı vasitəsilə ritualların icra olunduğunu görürük.

Axşamdan keçmişdir.. Humay evdə tək,
İki sancaq salıb bir nimçə suya.
Qızın sinəsində gah gülür ürək,
Gah bütün varlığı düşür qorxuya.

Pambıqlı sancaqlar elə bil quşdur,
Qovub bir-birini suyun üzündə.
Bu bayram axşamı, bu əziz gündə
Humay ürəyində nəyi tutmuşdur?

Sancaqlar üz-üzə gəldiyi zaman
Elə bil qovuşur günəş ilə ay,
Bu vaxt qanad açıb xoşbaxtlığından
Yerlərə, göylərə sığmayır Humay.

Yazıq ki, murada çatmazdan əvvəl
Sancağın birisi qərq olur suya.
Elə bil bu anda uğursuz bir əl
Humayı götürüb atır quyuya…

Humay digər subay qızlar kimi gələcək həyatı haqqında, qəlbində tutduğu arzusu barəsində suya sancaq atmaqla məlumat əldə etmək istəyir. Bu adət bu günün özündə də qorunub saxlanılmaqdadır. Hətta bu gün təkcə sancaqla yox, üzüklə, paltar düyməsilə də su falına baxanlar var. Humayın niyyət tutub, sancaq atmasında məqsədi sevgilisi Cəlala qovuşub və yaxud qovuşmayacağını öyrənmək idi. Burada iki sancaq iki aşiqə, yəni Humayla Cəlala işarədir. Sancaqlar baş-başa dayandığı təqdirdə niyyət qəbul olunmuş sayılır. Lakin sancağın birinin düşməsi o deməkdir ki, iki aşiqdən birinin taleyi xoş olmayacaq. Poemanı sona qədər oxuduqda aydın olur ki, Gəray bəy Cəlalı öldürür. Humay su falında kədərləndiyi üçün qapı busmağa gedir. Əslində, Humay qapı busmağa getdiyi birinci evdən heç bir söz eşitməyib, məyus şəkildə digər evə gedir. Növbəti evdə isə

Humay aşağıdakı sözü eşidir:
Xeyirxah bir xəbər eşitmək üçün
Qonşu qapısını pusmağa gedir.

(Qayda belədir ki, birinci kərə
Xeyir söz eşitsə şad olacaqdır;
Yaman söz eşitsə yenə qəmlərə
Qərq olub, içində qovurulacaqdır.)

Humay qulaq asır:

De, qız nə eşitsə yaxşıdır birdən?
Kimsə öz oğluna: “Toyunu görək!”
Humay bir quş kimi durdu yerindən;
Sıçrayıb göylərə qanad gərərək.

Səməd Vurğunun “Komsomol” poemasında Bahar bayramı ilə bağlı kiçik bir hissə haqqında məlumat verməyə çalışdıq. Yuxarıda şərh etdiyimiz məsələləri verməkdə məqsədimiz dahi şairimizin xalq yaradıcılığı örnəklərinə necə həssas şəkildə yanaşdığını üzə çıxarmaqdır.

Səməd Vurğun Bahar bayramının təsvirini elə bir tam, dolğun şəkildə vermişdir ki, həmin dövrdə bayramı necə keçirildiyini sanki gözlərimizlə görürük.

Xalqın arasında gəzənlər, onların şad günündə saz çalıb oxuyanlar şairlər yox, aşıqlardır. Şairlərlə aşıqları müqayisə etsək belə bir nəticəyə gəlmiş olarıq: şairlər bölgələrə ayda bir neçə dəfə getdikləri halda, ancaq aşıqlar o bölgədə yaşayıb yaradırlar. Bölgənin insanlarını aşıqlar demək olar ki, necə xarakterə sahib olduqlarını yaxşı bilirlər. Çünki aşıqlar insanı necə əla almağı, diqqəti özünə cəm etməyi, meydangirliyi çox yaxşı bacarırlar.

Elin toyunda da, yasında da, bayramında da aşıqlar onlarla birgə olurlar. Keçmiş zamanda keçirilən demək olar ki, əksər toylarda meydan aşıqların olarmış, onlar bir neçə gün toy apararmışlar. Aşıqlar xüsusilə də bayramlarda sakinlərlə bir araya gəlib, onlara dastanlar, qoşmalar, bayatılar, təcnislər və s. söyləyərmişlər. Bahar bayramında da aşıqların deyişməsi, müxtəlif havaların çalınması çox sıx-sıx müşahidə olunmuş məqamlardandır. Aşıqlar hətta Bahar/Novruz bayramı ilə bağlı şeirlər də yazmışlar. Həmçinin Aşıq Şəmşir də bu cür aşıqlarımızdan olmuşdur ki, o, da milli, əzəli bayramımız olan Bahar bayramı haqqında Kəlbəcər rayonunda, 21 mart 1967-ci ildə qədim, ümumbəşəri bayramımıza şeir yazmışdır. Aşıq Şəmşir yazır:

Bahara deyərlər Novruz bayramı.
Ana dilimizdə-təzə yaz günü.
Bu sözü əzəldən deyib el hamı,
Səadət gətirən bizə yaz günü.

Aşıq Şəmşir “Novruz bayramı” adlı qoşmasında Bahar bayramının tarixinə, milliliyinə son dərəcə dəqiq şəkildə aydınlıq gətirmişdir. “Ana dilimizdə təzə yaz günü” ifadəsində neçə min ilin tarixi yatır. İnsan öz dili ilə tanınar. Ana dilimizdə Novruz bayramı yox, Bahar bayramı, yaz bayramı sözləri var. Daha sonra yazır ki, “Bu sözü əzəldən deyib el hamı”. Bəli, bizim ulu babalarımız, nənələrimiz bu bayrama, yəni Novruza yaz bayramı deyiblər. Aşıq Şəmşir də yaşadığı eldə, obada Bahar bayramına/Novruza hansı adla söyləyirmişlərsə, onu da qoşmasında işlədir: ” Ana dilimizdə təzə yaz günü”.

Bizə hər neməti eyləyən sovqat,
Yuxudan oyanır cümlə nəbatət;
Bollanır, çoxalır, gəlir məhsulat,
Ruzi verir elimizə yaz günü.

“Yuxudan oyanır cümlə nəbatət” deyərkən Aşıq Şəmşir bizlərə nəyi söyləmək istəyir? Bahar bayramının ritual mifoloji semantikasına nəzər yetirən zaman aydın olur ki, bu bayramda təbiətin ölüb-dirilməsi, yenidən canlanması müşahidə olunur. İlimiz on iki aydan ibarətdir.

Onun altı ayında təbiət sönük, yəni ölü halda olur, digər altı ayında isə canlanma, yəni dirilməsi baş verir. Bir sözlə, ilin altı ayını qış yazı əsir edir, digər altı ayda isə yaz qışı əsir edir. Aşıq Şəmşir “yuxudan oyanır cümlə nəbatət” deyərkən, yəni Tanrı bütün bitki aləminə yenidən nəfəs verir. Torpaq üzərində və altında nə varsa, hər biri bu bayramda canlanır. Məsələn, ağaclar tumurcuqlayır, otlar boy atır, yer isinir, yəni yalançı buğ öz yerini doğru buğa verir və s. Cəlilabad rayonunun Ləzran kənd sakini Qubadova Minarə Bəhlul qızı söyləyir ki, “Alla, axırıncı çərşənbədə torpax altunda olan ilannara, soxulcannara, ağajdara dey ki, ey mənim yaratdığlarım, artığ oyanın” (Material arxivimizdədir).

Aşıq Şəmşir Bahar bayramından sonra təbiətdə baş verən dəyişikliklərdən də söz açır. Aşıq Şəmşir bu qoşmasında Kəlbəcər rayonunun təbiətinə xas olan bütün bitkilərdən, quşlardan, çaylardan söz açır. Səməd Vurğun “Komsomol” poemasının Novruzla bağlı hissəsində Bahar bayramına dair adət-ənənələrin neçə sözlə şəklini çəkməyi bacarmışdırsa, Aşıq Şəmşir də onu “Novruz bayramı” qoşmasında etmişdir.
Yuxarıda aşıqlarla bağlı hissədə qeyd etdiyimiz kimi, aşıqlar elin şad günündə, bayramında saz götürüb dastan, qoşma, gərayılı və s. söylərmişlər. Aşıq Şəmşir “Bayram günləri” adlı şeirində də söylədiyimiz məsələlərə toxunmuşdur:

Aşıq gərək xalqa tərif yaza bayram günləri,
Əlində saz, şirin avaz gəzə bayram günləri.
El nəfinə yaxşı danış, eşidən əhsən desin,
Gülür yenə novbahartək üzə bayram günləri.

İlkin ELSEVƏR,
Folklorşünas
e-mail: ilkin.elsever@mail.ru

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button