Ədəbiyyat

“Ehtiramla şəhidlərə salavat çevirib “Qarabağ şikəstəsi” sədalandıracaqlar”-VÜQAR ƏHMƏD

QARABAĞ (ESSE)

Gedəcəyik Xan Şuşaya, Kəlbəcərin Şəmşir dağlarına… Gedəcəyik Füzuliyə – Kərbəlaya. Füzulidən torpaq aparıb səpəcəyik Füzulinin məzarına.

İmam Hüseynin (ə) məzari-şərifindən torpaq gətirəcəyik Qubadlının Çələbilərinə. Ağdamda Arifanə insanlar, Mənsum, məsum köçkünlər Seyid Lazım Ağanın qəbrini ziyarət edib, Uzundərədən keçib Səxavətlə Gülablıdan gülab götürüb Qədirbilən camaatla Xanqızı yurduna qədəmləyəcək. İsa Bulağından içib Bülbül cəh-cəhinə dincəlib Hacı Hüsü əzanı ilə Gövhər Ağa məscidində namaz qılacaqlar.

Cabbarın zənguləsi eşidiləcək, hər kəsi riqqətə gətirəcək. Cabirin “Dilkeş”i, Tacirin körpə səsli “Bayatı-Şiraz”ı müşayiət edəcək Füzulidə İslamın, Dədə Süleymanın kəndlərinə gedənləri. Həkəri çayının zümzüməsi, Ağabalanın “Segah”ı onları Nəbi yurdu Qubadlıya aparacaq.

Yol gedib Zəngilana – Qafana, Dərələyəzə, Zəngəzura, İrəvana xəyalən səyahət edəcəklər. Xudafərinin üstü ilə Cəbrayıla dönəcək, şükür namazı qılıb yol tutacaqlar Laçına. Ehtiramla şəhidlərə salavat çevirib “Qarabağ şikəstəsi” sədalandıracaqlar. Xankəndi sevincdən ağlayacaq.

Üzeyir bəyin “Koroğlu” “Müqəddimə”si hamını ehtizaza gətirəcək. Qarabağ göz yaşlarını silib gülümsəyəcək. Bərdədə Nüşabənin ruhu rahatlıq tapacaq. Zakir zikr edə-edə Xındırıstana gedib Tərtərdən, Suqovuşandan su içəcək.

Əbdürrəhim Bəy Yusif Vəzirlə Bakıya gəlib Hacı Zeynalabdinin qəbrini ziyarət edəcək.
LİDER Heydər Baba “Bir millət, iki dövlət” deyəcək. TÜRK DÜNYASI Ankarada Atatürkün, Rəsulzadənin, Bakıda Zərdabinin, Üzeyir bəyin ruhuna fatihə oxuyacaqlar. Ordumuz Mehriban baxışlarla İlhama gəlib gur səslə hayqıracaq:

QARABAĞ AZƏRBAYCANDIR!!!

VÜQAR ƏHMƏD

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button