Müsahibə

“Elə televiziyalar var ki, məni 13 il qara siyahıda saxlayıb”-VÜQAR ƏHMƏD

“İndi ən öndə gedən kanallarda bayağı müğənnilər at oynadır”

Bir neçə il bundan öncəyə qədər müğənnilər daha çox şairlərə və bəstəkarlara müraciət edir, ifa etdikləri mahnıların sözlərinə daha çox diqqət ayırmağa çalışırdılar. İndi isə gündəmdə olan mahnıların əksəriyyətini müğənnilərin özləri yazıb, arenjeman edirlər.

Tanınmış musiqilərin söz yazarı, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədlə bu mövzu ilə bağlı söhbət etdik. Moderator.az-ın suallarını cavablandıran Vüqar Əhməd hələ də şair və bəstəkara müraciət edən sənətçilərin olduğunu vurğuladı.

– Artıq yeni dönəmə qədəm qoymuşuq. Həm yeni mədəniyyət naziri təyin edilib, həm də yeni dönəmə qalib xalq kimi başlamışıq. Yəqin ki, bu yeniliklər sizin də işlərinizə və layihələrinizə təsir edəcək.

– II Qarabağ müharibəsi Azərbaycanın zəfər tarixi kimi həyatımıza qızıl hərflərlə yazıldı. Çox həyəcanlı günlər idi. Gecə səhərə qədər yatmır, Ali Baş Komandanın azad olunmuş torpaqların siyahısını təqdim etməyini gözləyirdim. Bilirsiniz ki, yaradıcılığımın 30 faizini Qarabağa həsr etmişəm. Bu mövzu insanların indi daha çox yadına düşüb və başlayıblar Qarabağdan yazmağa. 44 günlük müharibə ərəfəsində müğənnilər gecə ilə keyfiyyətli, keyfiyyətsiz mahnılar yazdırmağa başladılar. 30 il idi ki, torpaqlarımız işğal altında idi. Bu illər ərzində 20 faiz işğal altında olan torpaqlarımızı tez-tez gündəmə gətirmək və bu mövzu üzərində kifayət qədər işləmək lazım idi.

– Bəs bundan sonra yaradıcılığınızı hansı mövzuya həsr edəcəksiniz?

– Bundan sonra da daha nisgilli yox, qələbə ruhunda yazmağa çalışacam. Hətta sizə deyim ki, biz həmin ərəfələrdə belə boş dayanmadıq. Belə ki, mərhum sənətkarımız Nailə Mirməmmədli ilə “Qələbə marşı”-nı işlədik. Həmin mahnını İlkin Əhmədov oxumalıdır. Şəbnəm Tofiqqızı ilə müharibəni əks etdirən mahnı hazırladıq.

Karantin dönəmində nələr etdiniz? Yəqin ki, yaradıcılıqla məşğul olmaq üçün kifayət qədər zamanınız olub.

– Karantin dönəmində “Rəsulzadə” romanım çap olundu. Bundan başqa “Koroğlu” dastanın motivləri əsasında “Koroğlu” romanım işıq üzü gördü. “Molla Nəsrəddin” ensiklopediyasını hazırladıq. Ədəbiyyat İnstitutunda rəhbərlik etdiyim Mətbuat tarixi və publisitika şöbəsinin xətti ilə Gülbəniz Babayeva ilə Təhminə Vəliyevayla birlikdə 500 səhifəlik bir ensiklopediya ərsəyə gətirdik. Bu cənab prezident İlham Əliyevin sərəncamı ilə Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuşdu. Jurnalın ideya müəllifi İsa

Həbibəylidir. Yəni karantin günlərində də kifayət qədər işləmişik. Belə tarixi işdə imzam olduğu üçün şadam.

Vüqar müəllim, sizi daha çox ötən illərin məşhur musiqilərinin söz yazarı kimi tanıyırıq. Bu gün trenddə olan musiqlərin sözlərini anlamaq, aydın etmək olmur. Bəzən sözlər o qədər bəsit olur ki, tamaşaçının ondan necə zövq ala bildiyini düşünməyə bilmirsən.

– Bu danılmaz faktdır. Ola bilər ki, ifaçı istedadlı olsun, yaxşı səs tembrinə sahibləsin. Ancaq bir adam 3 istiqamətdə necə istedadlı ola bilər? Demirəm mümkün deyil, ancaq nadir hallarda olar. Bəzən görürsən ki, musiqi plagiatdır, mahnıdakı mətn söz yığınından başqa bir şey deyil.

Eləsi də var ki, gözəl şairdir, ancaq onun yazdığı mətn musiqiyə düşmür. Çünki musiqi duyumu yoxdur. Musiqidən kənar adamdır. Elə sözlər var ki, onlar nəğmə mətnində olmaz. Nəğmə mətnində müəyyən qədər sadəlik lazımdır. Musiqi ilə harmoniya təşkil etməlidir.

– Bu işdə şans və naxış da müəyyən qədər rol oynayır
.

– Elə şairlərimiz var ki, yaşı 60-ı keçsə də bugünə qədər mahnı yazmayıb. Görəndə ki, bu vaxta qədər tutuzdura bilməyib, tanınmır müğənnilərlə işləməyə başlayır. Oxuya bilməyən müğənnini efirdə tərifləyir ki, onun sözlərinə mahnı yazdırsın. Dünyasını dəyişən tanınmış xalq şairimiz bir dəfə mənə dedi ki, müğənnilər sözlərimə mahnı yazdırmırlar. Ona dedim ki, siz böyük şairsiniz, sadəcə olaraq yazdığınız sözləri musiqiyə düşməyib.

Bu gün o bayağı mahnılar keyfiyyətli musiqilərdən daha çox dinlənilir.

– Tamaşaçı bütün günü efirlərdə o ifaçıları görür. Efirə kim çox çıxırsa elə bilir ki, həmin ifaçı yaxşı oxuyur. Ancaq şox şükür ki, bu gün peşəkar şairlər, bəstəkar və ifaçı triolarından gözəl nəğmələr yaranır. Az da olsa onlar hələ də fəliyyət göstərir. Hinddən, ərəbdən, farsdan musiqiləri oğurlayıb, yerinə söz qoşaraq Azərbaycan musiqisinə haram gətirirlər. Bu tək musiqidə belə deyil, incəsənətin digər növlərində də var. İndi yaradıcı insanları pul qazanmaq düşündürür. Onların 70 faizi “kimin cibini necə soyum?”- düşüncəsi ilə yaşayır. Karantin başlayandan da pul qazana bilmədilər. Bunları gördükdə Milli Elmlər Akademiyasında çalışan alimlərimizin bir qisminə heyran qalıram. Az maaşla yenə də vicdanla işləyirlər.

Sizcə televiziyalarımız bayağı musiqilərin reklamı və təbliğatı ilə məşğul olmurmu?

– Azərbaycan Dövlət Televiziyasını və Murad Dadaşov gəldikdən sonra Xəzər televiziyasını çıxmaq şərti ilə, digər televiziyalarda tez-tez bayağı musiqilərə rast gəlirik. İndi danışıram, bilirəm ki, həmin kanallar da sonra da məni qara siyahıya salacaq. Elə televiziyalar var ki, məni 13 il qara siyahıda saxlayıb. Elə ki, onları tənqid etdin qara siyahılarına düşürsən. Düzdür, əslində bu məni o qədər də maraqlandırmır, ancaq dediklərim danılmaz faktdır.

Axı bunlara nəzarət edən Bədii Şura var. Bu ifaçılar efirə necə asan yol tapa bilir?

– Kanallara nəzarət edən bəddi şura kağız üzərində fəaliyyət göstərir. İndi ən öndə gedən kanallarda bayağı müğənnilər at oynadır. Elə müğənnilər var ki, gözəl səsi olsa da oxuduğu mahnının sözləri bərbaddır, musiqisi, onun milli mənsubiyyəti bilinmir. Ancaq bütün günü efirlərdədir. Təbii ki, sözüm bütün kanallara şamil olunmur.

Bəlkə də həmi ifaçıları sevən televiziya işçilərinin özüdür ki, onları dəfələrlə eyni verilişə dəvət edirlər.

– Məhəmmədhüseyn Şəhriyar deyirdi ki, “Bizdən irəlidədir Avropalılar, işi iş bilənə tapşırırlar”. Məhz bu səbəbdəndir ki, bizim televiziyalarımızda nümayiş olunan layihələr beynəxlalq televiziya standartları ilə ayaqlaşa bilmirlər. Xəyalə Rəis

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button