Müsahibə

“Siyahı daha çox bu siyahını tərtib edənlərin və AYB yetkililərinin “kruq”undan təşkil olunub”- NAMİQ HACIHEYDƏRLİ

Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin qurucusu və ilk sədri, Prezident təqaüdçüsü, şair, araşdırmaçı Namiq Hacıheydərli Analoq.az müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Namiq müəllim, bir neçə günə Azərbaycan Yazıçılarının növbəti qurultayı baş tutacaq.  Necə hazırlaşırsınız?

-Mən də AYB-nin Qurultayının olacağı ilə bağlı məlumatları mətbuatdan öyrəndim. Millətimiz və Dövlətimiz üçün uğurlu-xeyirli olsun, istərdim. Amma suyun qabağını kəsən əjdahalar kimi millətimizə və dövlətimizə faydalı ola biləcək fikir və hərəkətlərin qarşısını kəsən kötüklər güman ki, buna imkan verməyəcək. Əvvəla ona görə ki, bu qurultaydan faydalı heç bir dəyişiklik gözləmirəm. Hər şey olduğu kimi qalacaq.

Bildiyim qədər siyahıda adınız yoxdur.  Üzvlükdən imtina etmisiniz?

-Üzvlükdən imtina etməmişəm. İllər öncə Bölmə rəhbərliyindən imtina etmişəm. Söhbət Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsindən gedir. Bu bölmə 2008-ci ildə mənim təşəbbüsüm və bu yöndə uzunmüddətli çalışmalarım sonucunda yaranmışdı. Bölməyə rəhbərlik etdiyim dönəmdə kifayət qədər səmərəli fəaliyyət göstərdik. 2009-cu ildə Muğan Bölməsinin poeziya toplusunu nəşr etdik. Rəhbərlik etdiyim Bölmə 2009-cu ilin nəticələrinə görə “2009-cu ilin ən fəal AYB Bölməsi” nominasiyasının qalibi oldu. Uğurlu ədəbi-ictimai fəaliyyətimə görə 2008-ci ildə Prezident təqaüdünə layiq görüldüm. 2015-ci ilə qədər Bölməyə rəhbərlik etmişəm. Həmin il istefa verərərək, Bölmə rəhbərliyindən getmişəm, lakin üzv kimi qalıram. Siyahıda adımın niyə olmamasını bu siyahını tərtib edənlərdən soruşmaq lazımdır. 1997-ci ildən bəri AYB-nin neçə qurultayı olubsa, iştirakçısı olmuşam. Yəni 20 il, 10 il əvvəl yazıçı idim, indi yazıçı deyiləm?!

-Siyahıda kifayət qədər qeyri ciddi imzalar var. Hətta deyərdim kitabını , məqaləsini digərinə yazdıranlar da qurultay iştirakçılarıdır.  Buna münasibətiniz.

-Siyahı ilə tanış oldum. Həqiqətən orada ədəbiyyata dəxli olmayan imzalar var. Halbuki kifayət qədər siyahıdan kənarda qalan istedadlı qələm adamlarımız var. Görünür kriteriya istedad, ədəbiyyata və mədəniyyətimizə xidmət deyil. Siyahı daha çox bu siyahını tərtib edənlərin və AYB yetkililərinin “kruq”undan təşkil olunub. Əslində bəlkə də təşəkkür etməliyik. Təşəkkür etməliyik ki, onlarla qeyri-ciddi, ədəbiyyata dəxli olmayan adamların qatıldığı toplantıya bizim də qatılmağımızı gerçəkliyə, ciddi ədəbiyyata sayğısızlıq olduğunu anlayıblar və sayğılarını bizi onlardan uzaq tutmaqla ifadə ediblər.

Anar müəllimin namizədliyini dəstəkləyirsiniz?

-Anar müəllim Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısında xidmətləri olan şəxsdir. Bunu danmaq olmaz. 2015-ci ildə Bölmə rəhbərliyindən istefa verəndə Anar müəllimi qınamışdım, bu gün də qınayıram. Lakin o zaman demişdim, indi də təkrar edirəm, mənim Anar müəllimə yönəlik tənqid və qınaqlarımın onun şəxsi ilə əlaqəsi yoxdur. Anar müəllimin şəxsiyyətinə sayğı duyuram. Lakin düşünürəm ki, yaşının səksəni ötüb, doxsana yaxınlaşdığı bir dönəmdə keçmişi, ədəbiyyat və mədəniyyət qarşısında xidmətləri olan və qələm adamı kimi bəlli çəkisi olan bir adam özünə sayğı ilə yanaşmalıdı. Sayğı ilə yanaşmalıdı ki, başqalarının ona sayğısızlıq etməsinə öz fəaliyyəti ilə şərait yaratmasın, rəvac verməsin. Yaşının bu çağında Qurultayda ağsaqqal kimi vida nitqi söyləyib, sağollaşıb, halallaşıb getməli, meydanı istedadlı gənclərə verməlidir. Bu yaşda, bu başda yenidən namizəd olub, suyun qabağını kəsən əjdaha yerində görünməməlidi. Əyər belə bir addım atarsa, Anar müəllimi dəstəkləyər və alqışlayaram.

-Gənclər Anar müəllimin növbəti sədr seçilməsinə etiraz edir. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Doğurdanmı gənclərdən sədr olmaz ?

-İstanbulu fəth edən Sultan Məhmətin 21, Səfəvi dövlətini quran Şah İsmayılın 15 yaşı vardı. Azərbaycan Demokratik Cümhuriyyətinin əsas qurucularından olan, Milli Şuraya rəhbərlik edən Məhəmməd Əmin Rəsulzadə də elə indi AYB rəhbərliyinə iddia edən gənclər yaşdaydı. 30 illik Qarabağ həsrətimizə son qoyanlar da, Şuşaya bayrağımızı sancanlar da elə əsasən gənclər idi. 18 yaşında gəncə vətənin sərhədləri etibar oluna bilir, 28 yaşında yaradıcı gəncə AYB-ni etibar etmək olmur?!

Anar müəllim AYB rəhbəri kimi edə biləcəyini edib, mədəniyyətə və ədəbiyyata verə biləcəyini verib. Bundan sonra ondan hansısa yeniliyi gözləmək sadəlövhlük olardı. Meydanı istedadlı, işıqlı və fəal gənclərə vermək lazımdı. Arzuladığımız yenilikləri gənclər həyata keçirəcək, gözləntilərimizi onlar reallaşdıracaq.

Söhbətləşdi: Savalan Talıblı

Anal

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 2.3]

Back to top button