Müsahibə

“Bu yolu seçdiyim üçün hazırda çox xoşbəxtəm”- TURAN BAĞIROVA

“Sənət bir terapiyadır”. Gənc rəssam, sənətşünas və sənət terapisti Turan Bağırova ilə müsahibə:

-Gəlin, biz sadə sualdan başlayaq: Necə oldu rəssamlığı seçdiniz?

-Mən orta məktəbi Respublika İncəsənət Gimnaziyasında oxumuşam. O məktəbdə oxumaq üçün bir ixtisas seçimi gərəkli olduğu üçün mən də rəssamlığı seçdim və beləliklə rəssam olmaq yolunda ilk addımlarımı atdım. Bu yolu seçdiyim üçün hazırda çox xoşbəxtəm.

Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biri dini rəsmlərin çəkilməsidir. Bu bizdə az müraciət olunan sahədir. Marağınız və müəlliminiz haqqında?

-Rəsm çəkməyi, boyaları, fırçaları çox sevirdim, amma buna baxmayaraq illərdi axtarışda idim. Təsviri incəsənətin demək olar ki, hər növü ilə maraqlanmışam, amma yenə də sırf məni qane edənin nə olduğunu tapa bilmirdim. Belə oldu ki, mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət kollecində pedaqoji fəaliyyətə başladım və mənə miniatür sənəti dərsini verdilər. Proqramım ilə tanış olanda orda kalliqrafiya sənətini gördüm və dedim budur. Mən kalliqrafiya və rəngkarlığı sintez edib istədiyimi edə bilərəm. Ərəb əlifbasını öyrənməyə başladım və fikirləşdim ki, bunu davam etdirmək üçün bir motivasiya lazımdır. Məqsəd qoydum ki, bu mövzuda sərgi edəcəm. 6 ay ərzində işlərimi tam hazır etdim və sərgim çox gözəl oldu. Məncə hər bir şeyin öz zamanı var və mən də nə istədiyimi bu yaşımda tapdım. Onu da qeyd edim ki, kalliqrafiya üzrə müəllimim olmayıb.

Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?

-Kalliqrafiya ta qədimdən bəri var olan bir sənətdir. Xəttatlıq qədər qədimdir və xəttatlığın daha kamil formasıdır demək olar, bəlkə də. Çox təəssüf ki, müasir dövrdə az istifadə olunur. Rəngkarlıq və kalliqrafiyanın sintezindən ibarət sərgim Azərbaycanda ilk dəfə idi. Rəssamlıq aləmində və mediada da bu belə qeyd edildi. Çox şükür, mən bunu bacardım. İnşallah, məndən sonra gələnlər üçün açıq yol olar.

Rəssamlar üçün tükənməz ilham qaynağı rolunu oynayan nələrsə olur. Sizin ilham qaynağınız nədir? Nədən təsirlənirsiz? İdeyaları nədən götürürsüz?

-Mən hər bir şeydən ilham ala bilərəm. Ümumiyyətlə çox araşdıran, çox oxuyan biriyəm. Hər zaman özümə bir ilham qaynağı yaradıram, həvəsdən düşməyə qoymuram özümü. Tələbələrimə də hər zaman deyirəm ki, qəti, məndə alınmır deməyin, ən sevmədiyim sözdür.

Milliyyətcə İspan olan Fransız rəssamı, heykəltaraşı, keramisti və dizayneri Pablo Pikasso deyirdi: “Sənət gündəlik həyatın tozunu ruhdan təmizləyir”. Siz necə düşünürsüz?

-Pablo Pikasso sevdiyim rəssamlardan biridir. Çox düzdür. Sənət bir terapiyadır və mənim fikrimcə bacarığından asılı olmayaraq hər bir insan hansısa bir sənət növü ilə məşğul olmalıdır.

Kоlоrit bоyakarlıq əsərlərinin başlıca təsvir vasitəsidir. Rənglərin bir- birinə uyarlılığı, ahəngdarlığı əsərin kоlоritini təşkil еdir. Əsərin hansı rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir, yoxsa necə?

-Rənglərin bir birinə uyumluluğunu mən çox sevirəm və rəsmlərimdə ona çox önəm verirəm. Mənim fikrimcə, rəsm sənəti azaddır. Deyə bilmərəm ki, hər zaman və hər kəsdə məzmundan asılıdır, hər rəssamın özünəməxsus bir yolu var.

Coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yerdir. Klassik Şərq mədəniyyəti, müasir Avropa dəyərləri bizdə sintez oluna bilir. Sizin yaradıcılığınız, şübhəsiz ki, Şərq mədəniyyətini təmsil edir. Amma ona müasir traktovka verməyi düşünürsünüzmü və bunu nə ilə realizə etmək olar?

-Bəli, mən elə onu edirəm. Kaliqrafiyanı müasir rəngkarlıq üzərində tətbiq edirəm və bunu çox sevirəm. Sizin bunu dəyərləndirməyinizi, müəllif kimi uğurum hesab edirəm.

Hələlik ən yeni işiniz olan “Əsmayi-hüsna” marağımızı çəkdi. Gələcək üçün planlarınız?

-“Əsmayi-hüsna” ilk işləmək istədiyim işlərdən idi, lakin çox vaxt apardığından sərgiyə kimi çatmaz deyə onu saxladım. Sərgidən sonra işləməyə başladım və 3 aya hazır oldu. Allahın 99 ismi var. Bunlar bir yerdə Əsmayi-hüsna (ən gözəl adlar) adlanır. Gələcək planlarım çoxdur. İnşallah həyata keçirmək qismət olar. Arzularımdan biri- Kəbəni ziyarət etmək və canlı olaraq rəsmini çəkməkdir.

Son olaraq bu yolda sizə kim dəstək olub və kimlərə borclusunuz?

-Nəinki bu yolda, həyatımın hər anında yanımda olan mənə ən əsası mənəvi dəstək olan anamdır. Allaha çox şükürlər olsun ki, belə bir anaya sahibəm. Ətrafımda mənə dəstək olan insanlardan biri də Universitetdə rəsm müəllimim olmuş Elnarə xanımdır, illərdir dəstəyini əsirgəmir. Mənə dəstək olan, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm!

Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin qrim rəssamı fakültəsində təhsilini davam etdirib. Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb.
Hal-hazırda Rəssamlıq Akademiyasının nəzdində İncəsənət kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraq da öz rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.
Müsahibə alan: Səadət Bəhmənqızı


Xəbəri qiymətləndir
[Ümumi: 8 Ortalama: 4.4]

Back to top button