Redaktor seçimi

Mətbuat günündə xatırladıqlarım-KƏNAN HACI YAZIR

Bu gün mətbuatımızın 145 illiyidir. Ən çox xatırladığım insanlardan biri də Aqşin Babayevdir. Aqşin müəllim Azərbaycan jurnalistikasında məktəb yaratmış insanlardan idi. O, həm jurnalist idi, həm yazıçı idi, həm pedaqoq idi, həm ictimai xadim idi və bütün bunlardan da əvvəl gözəl insan idi, şəxsiyyət idi. Onunla tanışlığımız mənim “İki sahil” qəzetində parlament müxbiri kimi çalışdığım dövrə – ötən əsrin 90-cı illərinə təsadüf edir. Onda Aqşin müəllim Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri idi. Bütün jurnalistlərlə əsl dost kimi davranırdı, onlardan qayğısını, köməyini əsirgəmirdi. Onunla bağlı xatirələrim çoxdur. Bir gün hamısını yazacam.

Bizim onunla münasibətimiz ata-oğul münasibəti idi. Mənə bütün məqamlarda mənəvi dəstək oldu. Boynumda haqqı olan insandır. Kitablarımın təqdimatına gəlmişdi, mən onun “Dünyanın axırı” kitabına ön söz yazmışam. Ön sözü yazıb yollayandan sonra zəng vurdu ki, bəs fəxri adlarından, mükafatlarından birini de, adının qarşısına əlavə edim. Utana-utana dedim ki, Aqşin müəllim, heç bir fəxri adım yoxdur. Təəccübləndi ki, bəs indiyədək sənə ad verməyiblər? Yox, dedim. “Sən çoxdan layiqsən. Mən səni az qala, 25 ildir tanıyıram, Uzun illərdir yazılarını mətbuatda oxuyuram, düşünürdüm ki, çoxdan sənə ad veriblər” dedi. Xeyli söhbətləşdik.
O yazı da kitabda ön söz kimi getdi.
Bu gün ən çox ona, onun sözünə ehtiyacım var. Kaş sağ olaydı, zəng vurub təbrik edəydim.
Ruhun şad olsun, BÖYÜK KİŞİ! Bizə qoyub getdiyin mənəvi miras üçün təşəkkürlər!!!

Stolumun üstündə bir şəkil var. Bu şəkil 1995-ci ildə çəkilib. Jurnalist fəaliyyətinə başladığım ilk dövrlərdə çəkilib. Həmkarlarım İsmayıl Hacıyev və Mikayıl Nərimanoğlu ilə birlikdə hansısa tədbirdəyik, mənim əlimdə bloknot və qələm var, yazı üçün qeydlər aparıram. Vur-tut 20 yaşım var. Beş-altı ay idi ki, işə başlamışdım, hər gün tədbirlərə, kimdənsə müsahibə almağa, hardansa reportaj hazırlamağa yollayırdılar. Ora-bura qaçmaqdan ayaqlarımın altı döyənək olmuşdu. Bir saniyə belə vaxtım olmurdu.

“İki sahil” qəzetində işə başlayandan özümü qaynar jurnalistikanın içində gördüm . 1995-1998-ci illərdə qəzetin parlament müxbiri kimi çalışdım. Mənə inanan, etimad göstərən dəyərli insan, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə, baş redaktor müavini İsmayıl Hacıyevə minnətdaram! Və həmişə minnətdar olacağam. Gürcüstanın o vaxtkı Mədəniyyət Nazirindən, Nazim Hikmətlə bir zindanda yatmış İbrahim Balabandan, Həmid Nütqidən, Fransada yaşayan azərbaycanşünas alim İren Məlikofadan aldığım müsahibələr jurnalist fəaliyyətimin ən qiymətli yadigarlarıdır. Bəzən qəzetin bir sayına həm müsahibə, həm reportaj, həm də köşə yazısı verirdim. O zaman internet yox idi, mobil telefonlar yox idi. Hər xəbərin ardınca özümüz qaçırdıq. Xəbəri redaksiyaya quş kimi “dimdiyimizdə” gətirirdik. Qələmlə yazırdıq, yazılarımızı makinaçı qızlar yığırdı. İndiki jurnalistlər linotipçi, metranpaj nədi bilməzlər. Biz linotipdən çıxan qaynar sətirləri ləzzət ala-ala qucağımızda gətirib metranpaja təhvil verirdik. Təndirdən çıxan çörək kimi… Əllərimiz, üst-başımız qapqara olurdu. Bəzən yolum uzaq olduğundan (Buzovnada qalırdım) növbətçi olduğum günlər mətbəədə qəzet bağlamalarının üstündə yatıb qalırdım. Üst-başımdan mətbəə qoxusu gəlirdi. Qürur hissiylə xatırlayıram o günləri…

Bütün yazılarım arxivimdə qalır. Daha sonra “Ədalət”, “Vətəndaş həmrəyliyi” qəzetlərində çalışdım. Aqil Abbas redaksiyada əsl demokratik mühit yaratmışdı, ürəyimizdən keçənləri yazırdıq. “Vətəndaş həmrəyliyi” qəzetində də ürəyimdən keçən yazıları yazdım.

Sonra APA İnformasiya Agentliyinin Kulis.az portalında, Publika.az saytında redaktor kimi çalışdım. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Aydın yol” qəzetində, Yaradıcılıq Fondunun “Sim-sim.az” portalında redaktor kimi fəaliyyət göstərdim.

Taleyimdən çox razıyam. Qələm adamı olmaq şərəfini Tanrı hər bəndəsinə qismət eləmir. Məni qələm xilas etdi!
Bu gün Mətbuatımızın 145 illiyidir. Ömrünü jurnalistikaya, yazı sənətinə həsr etmiş bütün həmkarlarımı ürəkdən təbrik edirəm!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button