Gürcüləşmiş Azərbaycan şairi: Şota Uruztaveli
And olsun kultural və multikultural dəyərlərə, mən bu yazını yazmaq fikrində deyildim. Gürcüstanın prezidenti Salome Zurabişvili deməsəydi ki, biz Azərbaycanın Qara Yazı çölündəki mağara-monastırlara iddialıyıq.
O mağara-monastırlara ki, onları gürcülər yox, Karay türkləri qayalarda oymuşdur. Gözləyirdim ki, bizim xarici işlər nazirliyi Salome xanıma tutarlı cavab verəcək. Ancaq nazirliyin mətbuat katibi Leyla Abdullayeva bəyanatında bildirirdi ki, biz gürcü tərəfin iddialarını anlayışla qarşılayırıq.
Bu sözlərin ütülü diplomatik dildən bər-bəzəksiz xalq dilinə tərcüməsi odur ki, Keşikçi dağı ətəyindəki 20 kilsə ilə birlikdə gürcülərə verə bilərik. Əgər o kilsələri Salome xanımın dədəsi tikdirmiş olsaydı, mən də Leyla Abdullayeva kimi deyilənləri anlayışla qarşılayardım. Axı, biz tarixən səxavətli millət olmuşuq. Qacar nəslindən Məhəmmədhəsən şaha deyəndə ki, rusların çarı Xəzər dənizinin yarısını istəyir, şah buyurmuşdu ki, şor sudur, verin, aparıb töksün dədəsinin goruna.
Məşhur fransız qafqazşünası akademik Mari Brosse hələ 1828-ci ildə yazırdı:
– David Qaraca mağara-monastırlarını qayalarda oyanlar gürcü deyildilər, xristian albanlar və türklər idilər (Мари Броссе. Разборь двух грузинских иконных надписей. Ш №708.s.5; Вермишев Х.А. Материалы для истории грузино-армянских отношений. Санкт-Петербург, 1904.s.6-8, 29).
XII əsrə qədərki gürcü salnamələrində Gürcüstanın yarısı Dede Türkova, yəni Böyük Türkoba adlanır (Voroşil Qukasyan. Qafqaz Albaniyası. Bakı, 1993.s.22).
Əgər 1121-ci ilə – İudeyadan gələn baqrationlar Kala şəhərini tutub, adını Tiflis eləyənə qədər o monastırlarda gürcülər yox, xristian türklər yaşayırdılarsa (Сенковский. Собрание сочинений. т. IV, Санкт-Петербург, 1859.s.174-175, 195), siz Gürcüstanın birinci xanımına niyə tutarlı cavab vermirsiniz? Məgər bizim ölkəmizin birinci, ikinci, üçüncü xanımları yoxa çıxıblar?
Gürcülər Keşikçi dağın ətəyindəki mağara-monastırlara iddialıdırsa, biz Tiflis ilə Qırmızı körpü arasındakı tarixi torpaqlarımıza iddialıyıq. O torpaqlara ki, orada hələ xristianlıqdan qabaq Bazar, Ucar, Bərdə, Şuşa, Torağay, Kara Kalkan şəhərlərini salmışdıq, kilsələr, monastırlar tikmişdik (Сенковский 1859.s.46, 170, 174, 195).
Gürcülər o kilsələrdəki alban və türk əlifbaları ilə yazılan salnamələrə iddialıdırlarsa, biz Şota Uruztaveliyə və onun “Bars dərisi geymiş koma” eposuna iddialıyıq.
Sonralar Rustavi adlandırılan Uruztav şəhərində yaşayan Şota (Габашвили Ц.Р. Варзиа. Тбилиси, 1949.s.20) Albaniyanın məşhur Süd nəslindən çıxmışdır. Ana südünə and içən o elitar nəsli V-VII əsr xristian Qafqaz tarixçiləri Süt, Sütrakaçik (История Агван 1861.s.361; Шопен И.И. Новые данные о Кавказе и его древних обитателей. Санкт-Петербург, 1866.s.216) adlandırırlar. Sonralar erməni tarixçiləri Süt mahalının adını Zod formasına salmışlar. Həmin mahalın Zod kəndində deportasiyaya qədər Azərbaycan türkləri yaşayırdılar.
Klavdi Ptolomey (II əsr) Zod mahalını Süd adlandırır. Ancaq latın dilində “ü” səsi olmadığına görə, Süd adını Siod kimi yazırlar, Sioda isə (Себеос. История императора Иракла. Санкт-Петербург, 1862.s.54; История Агван 1861.s.361; Шопен 1866.s.306) Süd etnosunun ölkəsi deməkdir.
Türk dillərinə qohum olan İver dilində südə zud deyilirdi. “İlk əzabkeş Rajdenin kitabı”nda (V əsr) zadəgan uşaqlarının süd anaları mama+zud+ze, “Qorq Aslan” dastanında (VI əsr) deda+zud+ze adlandırılır (Джуаншериани. Жизнь Вахтанга Горгасала. Тбилиси, Мелицниереба,1986.s.112, 120, 133).
Şotanın doğub böyüdüyü şəhərin adı Rustavi yox, Uruz idi. İndikilər dansanlar da, bunu köhnə nəsil gürcü mətnşünasları təsdiq edirlər. Yazırlar ki, V-VII əsr kilsə salnamələrində şəhərin adı tavsız yazılmışdır (Меликсетбеков Л.М. обзор источников истории Азербайджана. т.2, Баку, 1939.s.4).
Uruz Albaniyanın elitar nəsillərindən birinin adıdır. Onlar romalılara məğlub olub, Albaniyadan İberiyaya köçdülər və Kür çayının sağ sahılındə Uruz şəhərini saldılar.
Bizim dərslik müəllifləri erməni tarixçilərinə uyaraq çar Uruzun adını Oroys, qardaşı Quzunun adını Kozis yazırlar. Halbuki I-II əsr latın tarixçilərinin əsərlərində onların adı Kuzu və Uruz kimi göstərilmişdir (Армения и Рим. Санкт-Петербург, 1843.s.156).
Yevrey əsilli gürcü mətnşünası A.S.Xaxanov yazır ki, xristianlıqdan öncə iverlərin Almaz dağındakı baş bütü Şota adlanırdı (Хаханов А.С. Очерки по истории грузинской словесности. вып. 2, Москва, 1897.s.244). Deməli, südə sitayiş edən türklər xristianlığa qədər İveriyanın hakim nəsillərindən biri olmuş, gürcülərin Armazi dedikləri dağı Almaz adlandırmışlar.
Qonşularımızın inancına görə, ingilislər üçün Şekspir, italyanlar üçün Dante, ruslar üçün Puşkin kimdirsə, gürcülər üçün Şota Uruztaveli odur. Şota Uruztaveli necə gürcüdür ki, onun əsərində gürcülərə və Gürcüstana aid kəlmə belə yoxdur. Şota Uruztaveli gürcülərin Dantesi olsaydı, katolikos I Antoni əsərin əlyazmalarını Kür çayına atdırmazdı (Евгени Сталински. Грузинский народный эпос. Тифлис, 1885.s.2, 7) və şair təqiblərə davam gətirməyib (Марр Н.Я. Выступителныя и заключительныя строфы «Витязя из барсовой коже» Шоты из Рустава. кн. XII, Санкт-Петербург,1910.s.I), ömrünün son illərini qəriblikdə – Yerusəlim şəhəri yaxınlığındakı Qolqof dağının ətəyində (Джанашвили М.Г. Царица Тамара. Тифлис, 1900.s.89) keçirməzdi.
Şota Uruztavelinin şəkli Gürcüstandan yox, Yeru-Səlim şəhərinin Müqəddəs Xaç monastırından tapılmışdır (Евгени Сталински. Грузинский народный эпос. Тифлис, 1885.s.7).
Akademik Marr yazır ki, Şota öz əsərini gürcü dilində yox, Qurd dilində yazmışdır (Марр 1936.s.38-39). O dil ki, kartvellər onu başa düşmürdülər, ancaq imerlər və qurlar asanlıqla anlayırdılar (Глонти А.А. Почему поколебался авторитет письменных источников. Язык и история, т.1, Л., 1936.s.232 ).
Qurd dilinə yaxın dillərdə danışan imerlər və qurlar nə qədər gürcüləşsələr də, XX əsrin əvvəllərinə qədər , plova pilov, doşaba bekmez, toya dügün, kəfənə bez, evə konax, yetimə yetim deyirdilər (Марр Н.Я. Дневник поездки Шавшетию и Кларджестию. Тифлис, 1911.s.37, 48-57). Şota Uruztavelinin əsəri bu dildə-Azərbaycan dilinə qohum olan Qurd dilində yazılmışdı.
Dilləri kartvellər üçün anlaşılmaz, imerlər və qurlar üçün anlaşıqlı olan qurdlar kimlərin əcdadlarıdır? Azərbaycan türklərinin! Onların bir hissəsi Azərbaycandan Gürcüstana köçmüş, bir hissəsi Şirvanda qalmışdır. A.P.Fituni 1926-cı ildə Şamaxı və Göyçay qəzalarında onların kəndlərində olub, etnolinqvistik bilgilər toplamışdır.
Fituni soyadlı Şamaxı ermənisi yazır: – Kurtların yaşadıqları kəndləri ermənilər Kurter, azərbaycanlılar Kurtşen adlandırırlar Onlar çox qəddar, qaniçəndirlər. Dilləri türk dilidir, ancaq qonşu Azərbaycan kəndlərinin dilindən bir qədər fərqlənir (Фитуни А.П. История народных легенд о кладе Александра Македонского в Ширване. Баку, 1927.s.10).
A.P.Fituni yazır ki, Kurtlar və Kuşçu kəndlərindən çoxlu yazılı qablar tapılmışdır. İstədik ki, onları qaraçı damğaları kimi elmi ictimaiyyətə təqdim edək. Ancaq mümkün olmadı. Çünki həmin yazılar açıq-aydın qədim türk yazılarına bənzəyirdi. Azərbaycan alimlərinin əlinə keçməsin deyə, biz onları Tiflisə göndərdik (Фитуни 1927.s.10, 16).
Şota Uruztavelinin Qurd dilində yazılan və Aran folklorundan tərcümə olan bu əsərində (Марр 1910.s.X, XIV, XVI; Марр 1895.s.228-229) hadisələr Gürcüstanda yox, Xatayetidə, Ərəbistanda baş verir. Əsərin qəhrəmanı Tariyelin atası Sarı Dan Xatayetindədir (Евгени Сталински, 1885.s.3-41).
İkinci baş qəhrəman Aftandil Xoşbəxt Ərəbistan şahının vassalıdır. Aftandilin atasının yasında Quran oxunur. İnsanlar kilsəyə yox, məscidə ibadətə gəlirlər (Евгени Сталински. 1885. s.14-16; Марр 1910. s.XIV-XV). Gürcülərin Xatayeti adlandırdıqları ölkə ikidir. Onun biri Çin Türküstanında, biri Suriyanın şimalında idi. E.ö. II-I minilliyə aid Akkad, Assur, Urartu mixi yazılarında Ön Asiyadakı Xatay ölkəsi Xate adlandırılır (Меликишвили Г.А. Урартские клинообразные надписи. Москва, 1960.s.429; Арутнонян Н.В. Топоиимика Урарту, т.1, Ереван, 1985.s.122, 237; İlhami Cəfərsoy İver və H`Ay folklorununda türk mifik təfəkkürünün izləri. Bakı, 2014.s.13-14).
Əsərin epizodik obrazları Patma-Fatma, Usan-Hüseyn, Kais-Qeys, Micnun-Məcnun adları daşıyırlar (Шота Руставели 1982.s.46, 332, 382). İvan Ratişvili iddia edir ki, əsərin folklor variantında xristian elementləri çox imiş. Şota Rustaveli onları müsəlmanlaşdırmışdır. Əgər doğrudan da belədirsə, xristian şairi nə vadar edirdi ki, əsəri müsəlmanlaşdırsın?
N.Y.Marr yazır: – “Bars dərisi” hər cür xristian ehkamlardan azaddır, əsərin ruhu İslam ruhudur (Марр 1910.s.1). Ona görə də dastan XIX əsrdə 30 dəfə nəşr olunmuş, hər dəfə ona əlavələr və düzəlişlər edilmişdir (Джанaшвили 1900.s.25).
Son redaktə 1712-ci – 1737-ci illər arasında – çar VI Vaxtanqın zamanında edildi. İ.M.Rubanovski əsərin 1937-ci il nəşrinə ön sözündə yazır ki, VI Vaxtanq poemanı redaktə etməmişdir, redaktə adı altında onun 22 beytini qayçılayıb atmışdır. Bununla kifayətlənməyib, 48, 49, 50-ci fəsillərin nəşrinə icazə verməmişdir (Шота Руставели 1937.s.18-19).
Akademik Mari Brosse, türk əsilli gürcü mətnşünası A.İ.Saracişvili bu qayçılamani XIX əsrin 20-ci illərində görmüşdülər. Görmüşdülər ki, dəfələrlə redaktə olunsa da, əsərin fəsilləri arasında gürcü əlifbası ilə türk dilində mahnılar qalmışdır (Марр 1910.s.III; Хантадзе Ш.А. Академик Мари Броссе и Европейское грузиноведение. Тбилиси, 1970.s.102).
Qasmon Buaçidze iddia edir ki, o mahnılar milliyyətcə türk olan sonrakı xəttatlar tərəfindən artırılmışdır (Гасмон Буачидзе. Мари Броссе. Тбилиси, Мерани, 1983.s.283). Onda belə bir sual qarşıya çıxır: – Bu necə gürcü ədəbiyyatıdır ki, onun ilkin nüsxələrinin üzünü xristian türk xəttatları köçürürdülər?
Gürcüləşmiş xristian türk xəttatları yalnız salnamələrin üzünü köçürmürdülər, gürcü poeziyasının, epik nəsrinin gözəl nümunələrini yaradırdılar. Bu tarixi şəxsiyyətlərin tanınmışları Saracişvili, Kaplanidze, Karakanidze, Kalxanidze, Çolakaşvili, Qaralidze, Çin Bakuriani, Şirvanidze, Karbelaşvili və başqaları idi.
P.Karbelaşvili XIX əsrin görkəmli gürcü mətnşünasıdır (Марр Н.Я. Древнегрузинские одописцы. Санкт-Петербург, 1902.s.1-76). O necə gürcüdür ki, soyadını dəyişməmiş, Kərbəla şəhidlərini xristian əzabkeşlərdən üstün tutmuşdur?
Nadir şahın zamanında Gürcüstan kilsələrinin Buridze, Baburidze, Karakanidze, Yenisey soyadlı keşişləri var idi. Nadir şah onların kilsələrinə 2 yüz tümən gümüş pul və 2 yüz ləl-cəvahirat vermişdi (Платон İоселиани. Описание Марткопского монастыря. Тифлис, 1847.s.20-21, 32-33) ki, Qazax və Borçalı camaatını özlərinə tabe etsinlər.
Nadir şah böyük sərkərdədir. Neyniyək ki, böyüklərin günahları da böyük olur. Öz əməlləri ilə millətin sinəsinə sağalmaz yaralar vururlar. Anası dünyanın pis bir günündə Nadiri doğmasaydı, Tiflis, Kaxeti, Kuxeti 2 min il əvvəlki kimi bizim olardı. Gürcülər Karay monastırını David Qareci, Qara Yazı çölünü sa+Qareco adlandırmazdılar.
Çar VI Vaxtanqın Bahadur Türkistanov adlı sadiq nökəri var idi. Öz xalqının başına gətirdiyi fəlakətlərə görə 1723-cü ildə çar ona knyaz rütbəsi vermişdi (Переписка грузинских царей Российскими государями, от 1639 г. по 1770 г. Санкт-Петербург, 1861, s.155). VI Vaxtanqın Karalidze soyadlı nökəri də var idi. Onun atası müsəlman, özü xristian idi.
Ermənilərin də Aydinyan, Axverdov, Dağbaşyan, Xançalyan, Qapançıyan, Qaribyan, Şah Xatunyans soyadlı elm və din xadimləri var idi (Акаки Шанидзе. Новый труд по армянской диалектологии. Тбилиси, 1940, s.9-10, 16, 18, 27). Onlar öz ocaqlarını söndürdülər. Yadların çırağını yandırıb, bu dünyadan köçdülər.
Belə dərdli məqamlarda Tufarqanlı Abbasın nisgilli misraları yada düşür:
Bəd övladı əzəl başdan tanıram,
Çör-çöp yığıb yad ocağın yandırar.
Səhər durar ar-namusun gözləməz,
Suyu tökər, öz ocağın söndürər.
Əgər biz ermənilərə bu qədər qandan, qadadan sonra Qarabağda yüksək müxtariyyət vəd ediriksə, bəd övladlarıq. Qərbi Azərbaycan qaçqınlarına İrəvan Çuxurunda muxtariyyət tələb etmiriksə, öz çırağımızı söndürənlərik.
Xarici İşlər Nazirliyimiz düşünür ki, biz Dağlıq Qarabağa rusların veridiyi muxtariyyəti ləğv etsək, beynəlxalq qınağa məruz qalarıq. Bəs prezident ikən Saakaşvili Acariyanın muxtariyyətini ləğv edəndə niyə onu qınayan olmadı?
Ermənilərə muxtariyyət verib, gürcülərin iddialarını anlayışla qarşılayırıqsa, biz ağlımıza dua yazdırmalıyıq.
Gürcüstan EA-nın müxbir üzvü Zaza Aleksidze yazır ki, VII əsrin əvvəllərində Bərdə şəhərinin və ətrafındakı kəndlərin əhalisi gürcüləşmişdi. Bu, akademik səviyyədə bizə yönəlik torpaq iddialarıdır. Ağıl duasının elektron variantını Fəridə Məmmədovaya göndərin ki, Qafqaz Araşdırmalar Mərkəzinin xəttilə qatso Zazanı Bakıya tez-tez dəvət etsin.
Əgər fransız Mari Brosse, polyak Senkovski, erməni Vermişev yazırlarsa, baqrationlar Tiflisə səlcuqlar Konyaya gələndən sonra gəliblər (Сенковский 1895.s.174-175, 195; Вермишев 1904.s.6, 8, 29), biz nəyə görə ağzımıza su alıb susmalıyıq?
Əgər 115 il bundan qabaq erməni Vermişev İlya Çavçavadzeyə xitabən yazırdısa, Tiflislə Qazax arasında gürcülərin tarixi abidəsi olmayıb, biz oradakı xristian türk abidələrini məhv etmişik (Вермишев 1904.s.6, 8, 29), bunu xarici işlər nazirimiz və müavini bilməyə bilər, ancaq AMEA-nın humanitar elmlər bölməsinin akademik katibi bilməlidir. Bilmirsə, mənə imkan versin ki əldə etdiyimiz tarixi faktları elmi ictimaiyyətin nəzərinə çatdırım.
Əgər biz V əsrdə Tiflis şəhərini Kala adı ilə salnmışdıqsa (Джуаншериани 1986.s.100, 137), nəyə görə yağmalanmış şəhərimizin adını heç olmasa dərsliklərimizdə bərpa etməyək?
Yaxud Armazi dağının ilkin adı Almaz, Axal Kalak monastırının qədim adı Taşbaş idisə (Меликсетебков Л.М. Армази. Историко-археологический очерк. вып.2, Тбилиси, 1938.s.65), biz nə üçün elmi tədqiqatımızın nəticələrini Gürcüstanın Bakıdakı səfirinə təqdim etməyək?
Almaz dağından tapılan bir qəbir daşında yazılıb:
– Mən Xatun Saltuxun qızıyam. Xristian adım Mariyadır (Меликсетбеков 1938.s.73).
Saltuk və ya Sarı Saltuk səlibçiləri müqəddəs torpaqlardan qovan Oğuz bəylərindən birinin adıdır.
Katolikos Nikolayın XVII əsrin sonlarında ələ keçirdiyi qız monastırı əvvəllər Xatun adlanırdı (Меликстебеков 1938.s.66). Xatun nə zamandan gürcü adı olub?
Şota Uruztavelinin əsəri Azərbaycan dilinə yanlış olaraq “Pələng dərisi geymiş pəhləvan” adı ilə tərcümə olunmuşdur. Əsərin adı “Bars dərisi geymiş koma”dır. İlkin mətnlərdə k.ma kimi yazılan koma sözü qul, məcazi mənada qul aşiq, aşiq-cəngavər deməkdir. Çünki Tariyel də, Aftandil də qul-aşiqlərdir. Onlar sevdikləri qızların əsiri olub, qızların atalarının quluna, vassalına çevrilmişdilər (Марр1895.s.228-229; Марр 1910.s.X, XIV, XV).
“Türkmən şəcərəsi”ndə və Mahmud Kaşğarinin divanında koma sözü qul arvadı mənasında verilmişdir (Кононов А.Н. Родословная туркмен. М-Л., 1958.s.50). Şumer gil lövhələrində buna uyğun olaraq деме sözü vardır. Şumer mətnlərində o söz: 1. kəniz, 2. qul arvadı mənasındadır (Канева И.Т. Шумерский язык. Санкт-Петербург, 1996.s.23).
Gürcü alimlərinin son 50-60 ildə yazdıqlarına inansaq, Şota Uruztavelinin əsərinin əsas ideyası vətənpərvərlik və milli hisslərin tərənnümüdür. Onların əksinə olaraq akademik Marr yazır ki, “Bars dərisi” hər cür milli hisslərdən və vətənpərvərlikdən uzaq əsərdir. Əsərin əsas ideyası çar və knyaz qızlarına sevgi, aşna-vassal münasibətləridir (Марр Н.Я. Грузинский извод сказки о трех oстроумных братьях из «Русуданиани». Санкт-Петербург, 1895.s.228-229).
Aşna-vassal siyasətini Gürcüstana baqrationlar İudeyadan gətirmişlər. İudey əxlaqına uyğun olaraq çox gözəl qadın olan Tamar 15 dəfə ərə getmişdi. Bundan əlavə, onun qızı Rusudanın çoxlu aşnaları var idi (Бакрадзе Д, Берзенов Н. Тифлис, Санкт-Петербург, 1870.s.39; Джанашвили М.Г. Царица Тамара. Тифлис, 1900.s.25; Марр Н.Я. Дневнегрузинские одописцы (XII в). Тексти и разыскания по армяногрузинской филологии. кн. 4-ая, Санкт-Петербург, 1902.s.76).
Çariça Tamardan yüz il qabaq yaşamış digər bir Tamar Şirvanşahla sevişirdi. O, car Qurucu Davidin (1084-1125) qızı idi (Меликсетбеков 1939.s.8-9).
O Tamarlar öz işvələri ilə qonşu müsəlman xanzadələrini əsir edir, dinlərini dəyişib xristianlaşdırır, beyinlərini yuyur, sonra sınırdakı qalalarla qalabəyi təyin edirdilər.
Biz hələ də tarixdən ibrət dərsi almayıb, Əslinin eşqilə Kərəmi oda yandırırıq, Əli ilə Nino haqqında film çəkdiririk, Xumarın vəslinə çatdırmaq üçün Şeyx Sənana donuz otardırıq.
And olsun kultural və multikultural dəyərlərə, bu yazını yazmaq istəmirdim. Mənə bu yazını yazdıran Salome Zurabişvilinin iddiaları ilə Leyla Abdullayevanın bəyanatı oldu.
İlhami Cəfərsoy
Filologiya üzrə elmlər doktoru.
Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri.
cfrsoy@mail.ru
Analoq.az