Ədəbiyyat

POLAD HƏŞİMOV – GÖZ YAŞLARIMLA SÖHBƏT… RÖVŞƏN NƏCƏFOV (TARİXİ HEKAYƏ)

İnsan ideyası arxasınca gedib öz xoşbəxtliyini tapmaq istəyir. Nəticədə isə bizi xoşbəxtlik gözləmir, yolun sonunda bizi yaratdığımız dəyər qarşılayır…

Olum və ölüm arasındakı zaman həyatımızda müxtəlif hekayələr yaradır. Bəzi hekayələr atdığımız addımların nə qədər vacib olduğunu izah edir. Tarixi vərəqlərin arasında gizlənmiş abzaslardan oxumağa çalışırıq.

Həyatda olmayan insanların bizə miras qoyduğu fikirləri dərk etmək istəyirik. Biz nəticəni görürük. Nəticəyə qədər olan məsafəni həyatımızda imtahan edə bilmirik. Sadəcə olaraq, olum və ölüm arasındakı yaşadıqlarımızın tarix olduğunu anlayırıq.

* * *

İnformasiya gündəlik həyatımızın tələbatıdır. Bundan qaça bilmirik. Oxuduqlarımız isə bizim kimliyimizi və harda olduğumuzu nümayiş edir. Narazı və narahat olduğumuz hər şey bizim həyatımızdır. Narazı olduğumuz hadisələrdən narahatıq. Narahat olduğumuz mənzərəyə narazılığımızı ifadə edirik. Bu hissləri yazaraq oxuduğum xəbərin gücü məni silkələdi. Bu hadisə nə narazılıqdır, nə də narahatlıq, bu qaranlıqdır. İşığın qaranlıqla mübarizəsində qaranlığın qələbəsi kimi…

12 iyul 2020-ci il tarixindən başlayan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Elçin Mustafazadə, əsgər Xəyyam Daşdəmirov, əsgər Nazim İsmayılov şəhid olublar və mülki Əziz Əzizov həlak olub.

Onların hər birisi bizim var olmağımız üçün öz ideyasının arxasınca gedib. Ölümləri tariximizi yazdı. Bəlkə də, onların ideyasını ifadə etməyə cümlələrim kifayət etməyəcək. Amma göz yaşlarımın təsəlliyə ehtiyacı var. Göz yaşlarımın daxilimə sızdığını hiss edirəm və onunla danışmaq istəyirəm…

* * *

İşıqla qaranlığın mübarizəsində işığın əsgəri kimi təsəvvür edirəm onu. Göz yaşlarımla söhbətimin məzmunu isə insanın öz peşəsinin müqəddəsliyinə bağlayır. İnsanların həyatını xilas etmək və gələcək üçün fikirlər inşa etmək məzmunu o qədər böyüdür ki, onu yazacaq qələm elə tarixin özüdür.

Təqvimim 2020-ci ili göstərirdi. Ölkəmizdəki hadisələr insanların həyatında gələcək üçün izlər yaradırdı. Əlimə qələm alıb göz yaşlarımla etdiyim söhbət, həmin izləri müşahidə edirdi. Müşahidələrimi ifadə etmək o qədər çətin idi ki, göz yaşlarımın danışmaq istəmədiyini hiss etdim. Sükutumu pozaraq göz yaşlarıma sualımı ünvanladım: Nəfəs aldığımız torpağın gücü bizi xoşbəxt edə biləcəkmi? Daxilimdən gələn səs isə müşahidə etdiyimiz tarixin özü idi: “Arxasınca getdiyimiz ideya bizi xoşbəxt etməyəcək. Xoşbəxtlik getdiyimiz yolun özüdür. Getdiyimiz yolda çox güclü olduğumuza inanırdım, çünki onun comərdliyindən əmin idim. Amma…”

-O kimdir?

-O çox güclü və comərd bir şəxsiyyətdir.

-Tanıyırsan Onu?

-Tanımıram.

-Bir insanı tanımadan onun haqqında necə böyük danışa bilərik?

-İnsanın böyüklüyünü ölçən cihaz yoxdur. Böyüklük onun yaratdığı dəyərdir. Onun haqqında danışanda onun şəxsiyyətini iki sözlə ifadə edirlər: Çox güclü və comərd…

-O artıq yaşadığımız həyatda yoxdur.

-Yaşamaq odur ki, öləndən sonra da insanlara xidmət edəsən.

-Həyatda çox güclü və comərd olan insanın hisslərində boğulmaq mümkündür.

-Onun haqqında danışmaq üçün fikirlərimdə dərinlik axtarıram. Üzümdəki cizgilər, göz yaşlarım və əsən əllərimin onu ifadə etməyə gücü çatmır.

-Axı mən onun haqqında…

Şəhidimiz, çox güclü və comərd, Azərbaycan ordusunun general-mayoru Polad Həşimov!

Əllərimi qaldırıb göz yaşlarımı silməyə taqətim qalmamışdı. Qələmimin mürəkkəbini şahidi olduğum, tarixə çevrilmiş şəxsiyyətə təslim etmişdim artıq. Yaşamaq bir peşədirsə, tarix o peşəni fədakarlardan öyrənir. Biz tarixdən dərs alırıq, tarix isə zirvəyə qalxan insanlardan.

* * *
İnsanların ürəklərindəki ən böyük sevgi zirvəsini fəth etmiş şəxsiyyət haqqında yazmaq özü də çoxlu güc və comərdlik tələb edir. Qələmi silah olaraq, mürəkkəbi mərmi olaraq, sətirləri isə səngər olaraq ifadə etmək onun zirvəsini fəth edə bilmir. Mən axı onun zirvəsini necə ifadə edəcəyəm? Amma onun haqqında oxuduğum bütün fikirlərdən gələcək üçün göz yaşları toplamaq istəmirəm…

Polad Həşimovun həyatından dəqiqələri artıq öz tariximə qeyd etmişəm. Bu dəqiqələr məni ölüm anıma qədər müşahidə edəcək.

Polad Həşimovun anası Səmayə Həşimova:

“Kimdən oğlumu soruşmuşamsa, deyib, ana sənə halal olsun, etdiyi yaxşı işləri dilə gətirməzdi mənim oğlum. Qazandığı da xeyirxah işlərdə idi. Əsgərlərinə uşaqlarım deyirdi. Evə gələndə onlar üçün orduda lazım olan ləvazimatlardan alıb aparırdı. Mən ona verilən evin şəhid ailəsinə verməsi barədə xəbəri öz dilindən eşitməmişəm, insanlar deyiblər.”

Şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova:

“Polad Həşimov kimi insanlar haqda həmişə əsərlərdə oxumuşam. Onlar mənə çox şablon gəlirdi. Elə bilirdim belə insanlar yoxdur, yaşamırlar. Polad Həşimovla 17 il bir yerdə yaşadım. Gördüm ki, o, həqiqətən bütün canı, qanı ilə vətənə bağlı insan idi və bunu dildə yox, əməlində göstərirdi. Övladlarını da elə böyüdürdü. Onlara heç vaxt vətən haqqında pafoslu sözlər söyləmirdi. Əsgərlərinə həmişə “balam” deyirdi. Hər zaman səngərlərdə, cəbhə bölgəsində olurdu. Bizim evdəki kadrlarımıza baxsanız, ad günlərində, bayramlarda – heç birində o yoxdur. Hamısında biz təkik. Çünki o ancaq səngərdə, əsgərlərinin yanında olurdu.”

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova:

“2016-cı ilin aprel döyüşlərində bildim ki, generalımız Polad da o döyüşlərdə iştirak edib. Raquf şəhid olanda, Polad Həşimov da qolundan yaralanmışdı. O halında belə bizim yanımızda oldu. Raqufun şəhidliyi ona pis təsir etmişdi. Polad deyirdi ki, qardaşımı itirdim.Dost kimi bizə də başsağlığı verməyə gəlmişdi. Mənə dediyi söz bu gün də qulağımdadır. Dedi ki, nə deyəcəyimi bilmirəm, Raquf şəhid oldu, amma mən qaldım…”

Şəhid general Polad Həşimovla vaxtilə hərbi xidmət keçmiş jurnalist İlham Tumas:

“Poladla tanışlığım 1996-cı ildən başlayıb. O vaxtı Murovda hərbi hissədə zabit kimi xidmət edirdim. Polad o zamanlar bölük komandiri idi. Polad qeyri-adi insan idi. Onun ən böyük üstünlüyü əsgərləri övladı kimi sevməsi idi. Murov kimi soyuq bir yerdə kazarmanı isitmək üçün Polad özü odun doğrayırdı. O, zabit maaşı ilə kazarma təmir etdirirdi, əsgər kazarmasına televizor alıb verirdi. Belə böyük bir ürəyə sahib zabit idi.”

General-mayorun əsgəri olmuş Ramil Cabbarov:

“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu ilə, danışığı ilə, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandir idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabura gələndə “ÖNCƏ VƏTƏN!” kəlməsini elə içdən söyləmişdi ki, indiyə qədər səsli xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.

* * *

Bir insanın həyat hekayəsini onu tanıyan insanların dilindən dinləmək ideyanı reallığımıza bağlayır. İnsanların fədakarlıqları onları tarix edir, nümunə edir, qəhrəman edir. Otağımı fəth etmiş fikirlər və dinlədiyim musiqidən iki sətri də hekayəmə əlavə etdim.

“Ancaq səfeh insanlar bu dünyada özünü düşünür

Yaxşı ki, gözlərim görmür, lakin qəlb döyünür.”

“URAN – Kor Zabit” musiqisindəki bu iki sətir göz yaşlarımla söhbətimi yekunlaşdırdı. Göz yaşlarımla etdiyim söhbətin son cümləsini isə öz tariximə yazdım:

Polad Həşimov ŞƏHİD oldu, biz isə şahid olduq…

Tarix: 27.07.2020

Rövşən Nəcəfov

“İnsan Mühəndisliyi” proqramının rəhbəri

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button